Mingəçevir Azərbaycanın elektroenerji mərkəzinə necə ÇEVRİLDİ? – 70 ildə yazılan TARİX

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Yola saldığımız həftə enerji bazarları üçün pozitiv əhvalda başa çatdı. Özü də bu, qlobal bazarlarda nadir rast gələn hadisələrdən biri idi ki, bu cür əhval-ruhiyyə təkcə istehlakçıların deyil, həm də istehsalçıların ürəyincə oldu. Çünki elə bir hadisəyə bağlı idi ki, sonunun nə zaman və necə nəticələnəcəyi həddən artıq müəmmalı idi. Söhbət 12 gün çəkən İsrail-İran müharibəsinin “atəşkəs” rejiminə keçməsi və bunun bazarlara təsirlərindən gedir.

Qlobal bazarlar

Beləliklə, artıq iyunun 25-də dünya bazarlarında neft və qaz qiymətləri sözügedən qəfil müharibənin başlanmasından əvvəlki vəziyyətə qayıtdı.
 

MÖVZU İLƏ BAĞLI:

Orta Dəhlizin Cənub marşrutunun iqtisadi PERSPEKTİVLƏRİ – TƏHLİL


London Əmtəə Birjasında Brent markalı neftin 1 bareli iyunun 12-də, müharibə başlamazdan öncə, 69,36 dollara satılmışdısa, pikdə 80 dolları keçə bildi, Yaxın Şərqdə nisbi sakitliyə keçiddən sonra “qara qızıl” yenidən 65-70 dəhlizində ticarət edilməyə başladı. Və həftənin sonuna qədər 68 dollar qiyməti ətrafında stabilləşdi.

Bu da başadüşüləndir. Çünki risklər aradan qalxdığından qiymətlər də müharibədən əvvəlki göstəricilərə üz tutdu.

Eyni məsələ Avropanın qaz bazarlarında da müşahidə edildi. Belə ki, İsrail-İran müharibəsindən öncə Avropanın əsas qaz qovşağında Niderlandın TTF mərkəzində təhvil verilməklə satılan qazın qiyməti 442 dollar idisə və həftənin əvvəli az qala 500 dollaradək sıçrayış etdisə, artıq iyunun 27-nə 420 dollara qədər ucuzlaşdı. Burada qiymətlərin kəskin artımı Hörmüz boğazının bağlana biləcəyi təqdirdə Avropaya Qətərdən maye qazın daşınmasında yaranacaq problemlərdən qaynaqlanırdı. İranın da Qətərdəki ABŞ bazasına raket hücumu riskləri maksimuma qaldırmışdı. Və fəlakətsiz sonluq ssenarisi qiymətləri müharibədən əvvəlki göstəricilərdən də aşağı həddə gətirib çıxara bildi.

Azərbaycanın dövlət büdcəsinə təsirlər

Xatırladım ki, cari il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri Azəri Layt markalı neftin orta ixrac qiymətinin 70 dollar göstəricisi əsasında tərtib edilib. Maliyyə nazirliyinin açıqlamasına görə, dövlət büdcəsinin tərtibində həmçinin ixrac qaz qiymətləri də nəzərə alınıb. Mavi yanacağın 1000 kubmetrinin qiyməti 242 dollardan proqnoz edilib. Bu baxımdan hesab etmək olar ki, cari ilin birinci yarısı üçün həm neft, həm də qaz qiymətləri ixrac üzrə proqnoz göstəricilərini üstələyib.

Cari ilin yanvar-may ayları üzrə açıqlanan statistikaya əsasən, dövlət büdcəsinin gəlirləri 17 mlrd 138 mln manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artımla müşahidə edilib. Xərcləmələrdə isə artım 1,6% olsa da, amma gəlirlərdən xeyli az olub – cəmi 13,7 mlrd manat. Xatırladım ki, cari il üçün Azərbaycanın təsdiq edilmiş dövlət büdcəsinin xərcləri 41 mlrd 407,6 mln manat, büdcə kəsiri isə 3 mlrd manatdan çox proqnoz edilib. Maliyyə nazirliyinin məlumatlarına görə isə, 5 ayda dövlət xərcləmələri proqnoz göstəricilərindən 3,5% az olmaqla yerinə yetirilib. Yəni görünən odur ki, hökumət ölkənin sosial-iqtisadi inkişafına birbaşa təsir etməyəcək xərcləmələri azaldıb və ya ilin sonlarına doğru bu xərcləmələri vəziyyətdən asılı olaraq idarə etməyə meyllidir.

Azərbaycanın ən iri elektrik stansiyası

Yola saldığımız həftə ölkəmizin enerji tarixində iz buraxacaq bir hadisə baş verib. Müstəqillik illərində Azərbaycanda ən böyük elektrik stansiyası istismara verilib. Özü də “8 Noyabr” adlandırılan bu əzəmətli enerji obyekti Azərbaycanın elektroenergetika sənayesinin mərkəzində - Mingəçevirdə inşa edilib. O şəhərdə ki, ölkəmizdə istehsal edilən elektrik enerjisinin 40%-dən çoxu onun payına düşür.

Açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyevin çıxışa nəzər saldıqda ölkəmizin elektroenergetika sahəsinin inkişafına dair bir neçə mesajın verildiyini görərik.

Mingəçevirin elektroenerji mərkəzinə çevrilməsi

İlk olaraq diqqət Mingəçevirin enerji mərkəzinə çevrilməsi məsələsinə yönəldilib.  Burada 1953-cü ildə ölkəmizin ən böyük su elektrik stansiyası işə salınır. Bundan 21 il sonra isə Mingəçevirdə Qafqazın ən böyük istilik elektrik stansiyasının tikintisinə başlanılır.
 

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə “Azərbaycan” adlı İstilik Elektrik Stansiyasının təməli qoyulur və məhz onun iştirakı ilə də stansiyanın birinci bloku 1981-ci ildə istismara verilir. Ümumi gücü 2400 MVt olan “Azərbaycan İstilik Elektrik Stansiyası”-nın səkkizinci enerji blokunu yalnız 1990-cı ildə tamamlamaq mümkün olur.


Dövlət başçısının çıxışında diqqət çəkən ikinci məqam Mingəçevirdə ikinci istilik elektrik stansiyasının tikilməsini zəruri edən şərtlərə bağlıdır. Belə ki, Azərbaycan iqtisadiyyatı inkişafda olan və daim böyüməyə can atan bir durumdadır. İnkişaf üçün isə enerji gərəkdir. İndiki dövrün enerjisi dedikdə isə elektrik enerjisi başa düşülür. Hətta ənənəvi enerji daşıyıcıları içərisində daha təmizi olan mavi yanacağın əsas hissəsi belə məhz elektrikə çevrilmək üçün istifadə edilir. Ona görə də elektrik enerji sistemimizin dayanaqlığı üçün XXİ əsrin 3-cü onilliyində yeni güc mənbələrinə ehtiyac yaranmışdı.

Düzdür, Azərbaycan yaşıl enerji mənbələrinin inkişaf etdirilməsi ilə bağlı son illər kifayət qədər ciddi addımlar atır, amma onların istismara verilməsi xeyli zaman tələb edir və qoyuluş gücləri hər stansiya üzrə heç də böyük deyil. Bu baxımdan da böyük gücə malik bir istilik elektrik stansiyanın tikintisinə ehtiyac.  

Yeni stansiyanın təsnifatı

Burada diqqətinizi “8 Noyabr” istilik-elektrik stansiyasının texniki xarakteristikasına yönəltmək istərdim ki, onun necə ölkənin ən böyük elektrik stansiyasına çevrilməsini aydın şəkildə təsəvvür edə biləsiniz.

Yeni istifadəyə verilən istilik elektrik stansiyasının gücü 1280 MVt-dır. Lakin “Azərbaycan” istilik elektrik stansiyasında olan hər birinin gücü 300 MVt olan iki turbin də yenidən qurulub və yeni tikilən istilik elektrik stansiyasına inteqarasiya edilib. Bu, ona görə edilib ki, yeni stansiyada qazın yandırılması hesabına əldə olunan buxarın yaratdığı gücdən daha səmərəli istifadə edilsin və daha çox elektrik enerjisi istehsal etmək mümkün olsun.
 

Nəticədə, “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavat olur.


Onu qeyd edim ki, bu nəhənglikdə stansiya 2 ildən bir qədər artıq zamanda ərsəyə gətirilib və indiyə qədər nəinki Azərbaycanda və regionda heç uzaq ölkələrdə belə bu qədər qısa zamanda belə işlərin görülməsi nadir hadisədir. Çünki “Azərenerji”nin rəhbərliyi altında böyük bir beynəlxalq komandanı səfərbərlik etmək və görüləcək işləri daha tez yekunlaşdırmaq mümkün olmuşdu.

Baxaq görək layihəyə hansı şirkətlər cəlb edilib.

Keçirilmiş tenderlər nəticəsində məsləhətçi şirkət qismində İsveçin tanınmış AFRY şirkəti seçilib. Beynəlxalq praktikada bu cür layihələrin hazırlanması 1 ildən çox vaxt tələb etsə də, İspaniyanın İDOM şirkəti ilə “AzərEnerji”nin Energetika İnstitutu”nun mütəxəssisləri layihələndirmə işlərini həyata keçiriblər.

Tikintinin baş podratçısı kimi Azərbaycanın enerji layihələrində ixtisaslaşmış yerli şirkət BCC Group seçilib. Stansiyada İtaliyanın “Ansaldo Energia” şirkətinin 4 ədəd qaz turbini və generatorlar, stansiyanın müxtəlif təyinatlı avadanlıqlarla təhciz edilməsi isə Çinin məşhur “Dongfang Electric” şirkəti tərəfindən həyata keçirilib. Onu qeyd edim ki, məhz Çin şirkəti hələ 2010-cu ildə Mingəçevir su elektrik stansiyasının yeni avadanlıqlarla təhciz edilməsini həyata keçirib. 

Bəs “8 Noyabr” istilik elektrik stansiyası elə qonşuluğunda olan stansiyadan nə ilə fərqlənir? Əvvəla tam yeni texnoloji həllər əsasında qurulub ki, bu da yeni elektrik stansiyasının səmərəliliyini kifayət qədər artırıb. Nəticədə şərti yanacaq sərfiyyatı “Azərbaycan” İES-in digər blokları ilə müqayisədə 120 qram azalaraq 225 qram təşkil edir. Bu isə illik 1 milyard m³ təbii qaza qənaət və 2 milyon ton karbon qazının atmosferə buraxılmasının qarşısını alır. Faydalı iş əmsalı 17% dərəcəsi artaraq 38,5%-dən 55,5%-ə yüksəlib.
 

Elektrik generasiyasında məhz təbii qaza qənaət edilməsi xarici bazarlarda Azərbaycanın mavi yanacağına artan tələbatın ödənilməsində yeni bir mənbə kimi çıxış etməsinə imkan açacaq. Bu baxımdan yeni stansiya müstəqil Azərbaycanın etibarlı enerji təminatının qoruyucusuna çevriləcək və Azərbaycanın enerji siyasətinin uğurlarından biri kimi onun tarixinə həkk ediləcək.


“Yaşıl enerji” üzrə yeni hədəflər

Bu həftə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının energetika nazirlərinin iclasında çıxış edib. Nazir Çin şirkətlərinin hazırda Azərbaycanın “yaşıl enerji” strategiyasının reallaşdırılmasında həm podratçı, həm də investor qismində mühüm rol oynadıqları, bu şirkətlərlə mərhələli şəkildə ümumilikdə 2,3 QVt gücündə külək - günəş elektrik stansiyalarının inşasının planlaşdırıldığını qeyd edib.

Nazirin çıxışında diqqətimi çəkən bir məqam qarşıdakı 10 il ərzində “yaşıl enerji” layihələri üzrə Azərbaycanın yeni hədəflərini açıqlaması oldu. Şahbazov Azərbaycanın “yaşıl enerji zonaları” modeli, növbəti 5 ildə quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 38%-ə, 2035-ci ildə isə təxminən 43%-ə çatdırmaq üçün külək və günəş stansiyalarının tikintisi, dənizdə külək enerjisinin istifadəsi, həmçinin şəbəkələrin qurtulmasında ağıllı texnologiyalardan istifadəni diqqətə çatdırıb.

Qaz hasilatında yeni mərhələ

Bu həftə Azərbaycanda qaz hasilatı ilə bağlı iki diqqət çəkən məlumat ictimailəşdirilib. Belə ki, Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "CNN Buznes Arabik" telekanalına müsahibəsində yaxın gələcəkdə Azərbaycanda qaz hasilatının artımına təkan verəcək layihəni açıqlayıb.
 

Onun sözlərinə görə, Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” yatağının işlənməsinin növbəti mərhələsinə başlanılacaq və hasilat 2028-ci ilin sonunadək illik 5 milyard kubmetrə çatacaq.


Hazırda “Abşeron” yatağında illik 1,5 mlrd kubmetr qaz hasil edilir və nazirin sözlərindən aydın olur ki, cəmi 3 ildən sonra bu yataqdan hasilatın 3 dəfədən çox artırılması planlaşdırılır.

“Şahdəniz”in artan qazı

Və nəhayət, bu həftə enerji həyatımızda baş verən daha bir maraqlı hadisə haqda məlumat vermək istərdim. Bu günlərdə Xəzərin ən böyük qaz yatağında 250 milyardıncı kubmetr təbii qazın hasil edilməsi qeydə alınıb. O yataq ki, Azərbaycanın enerji həyatında məxsusi rola malikdir, ölkəmizi qaz idxalçısından mavi yanacağın ixracatçısına çevirdi və bu ixracın coğrafiyası genişləndikcə rəsmi Bakının nüfuz dairəsi də artmağa başladı və artmaqda da davam edir.  

“Şahdəniz” yatağı 26 il əvvəl kəşf edilib, 2006-cı il dekabrın 15-dən isə yataqda stabil hasilat başlayıb.
 

O zamandan bu günə kimi 18 il yarıma bp şirkətinin operatorluğu ilə yataqdan 250 mlrd kubmetr qaz çıxarılıb ki, bunun da 75%-i xarici bazarlarda satılıb. Hazırda yataqdan il ərzində təqribən 28 mlrd kubmetr qaz çıxarılır. Həmçinin bu müddətdə “Şahdəniz”dən 50,5 mln ton kondensat hasil edilib ki, bu da dünya bazarlarına Bakı-Tiflis-Ceyhan kəməri ilə nəql edilib.


Hesab edirəm ki, dənizin 500 metr dərinliyindən çıxarılan qazı Cənub Qaz Dəhlizi kimi nəhəng infrastrukturla 3500 km məsafədə və bəzi hallarda daha uzaqda olan istehlakçılara çatdırmaq, özü də bunu stabil şəkildə həyata keçirmək əsil qəhrəmanlıq nümunəsidir, özü də qazımızın ticarət zəncirində əməyi olan hamının qəhrəmanlığıdır!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daha bir legioner “Sabah”dan GETDİ

Daha bir legioner “Sabah”dan GETDİ

Ərdoğan Azərbaycana GƏLƏCƏK

Ərdoğan Azərbaycana GƏLƏCƏK

Agentlik sahibkarları günahlandırdı – Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Agentlik sahibkarları günahlandırdı – Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Xaçmazda AĞIR QƏZA – 13 yaşlı velosipedçini maşın vurdu

Xaçmazda AĞIR QƏZA – 13 yaşlı velosipedçini maşın vurdu

Qazaxıstanda ictimai yerlərdə niqab taxmaq QADAĞAN EDİLDİ

Qazaxıstanda ictimai yerlərdə niqab taxmaq QADAĞAN EDİLDİ

Cümlələr uzun, şriftlər kiçik... – Müqavilələri tam oxumağımıza kimlər ƏNGƏL TÖRƏDİR?

Cümlələr uzun, şriftlər kiçik... – Müqavilələri tam oxumağımıza kimlər ƏNGƏL TÖRƏDİR?

Aynişan evliliyindən DANIŞDI: “Ən ağır dövr idi...” - VİDEO

Aynişan evliliyindən DANIŞDI: “Ən ağır dövr idi...” - VİDEO

İyulda Bakıda və bəzi bölgələrdə 40 dərəcə isti olacaq - AYLIQ PROQNOZ

İyulda Bakıda və bəzi bölgələrdə 40 dərəcə isti olacaq - AYLIQ PROQNOZ

Elarizin qızı məhkəmədə ifadə verdi

Elarizin qızı məhkəmədə ifadə verdi

Azərbaycan klubunda braziliyalı BAŞ MƏŞQÇİ

Azərbaycan klubunda braziliyalı BAŞ MƏŞQÇİ

Xaricdən Azərbaycan universitetlərinə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

Xaricdən Azərbaycan universitetlərinə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

Formula 1 Azərbaycan Qran-prisinin VAXTI DƏYİŞDİ

Formula 1 Azərbaycan Qran-prisinin VAXTI DƏYİŞDİ

Sinanla Ece sevgili imiş... – FOTO/VİDEO

Sinanla Ece sevgili imiş... – FOTO/VİDEO

Nəsimi rayonundakı evləri yenidən HƏŞƏRATLAR basdı - Sakinlər TƏŞVİŞDƏ – VİDEO

Nəsimi rayonundakı evləri yenidən HƏŞƏRATLAR basdı - Sakinlər TƏŞVİŞDƏ – VİDEO

Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanıldı – FOTO

Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanıldı – FOTO

SON DƏQİQƏ! Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı SAXLANILDI

SON DƏQİQƏ! Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı SAXLANILDI

“İkisi ağ, biri qara adamdır?”

“İkisi ağ, biri qara adamdır?”

"Sputnik-Azərbaycan”nın ofisində keçirilən əməliyyat görüntüləri – VİDEO

"Sputnik-Azərbaycan”nın ofisində keçirilən əməliyyat görüntüləri – VİDEO

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur

Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur

“İmişli”dən ilk TRANSFER

“İmişli”dən ilk TRANSFER

Qohum nikahlarının qarşısı necə alınacaq? – RƏSMİ AÇIQLAMA

Qohum nikahlarının qarşısı necə alınacaq? – RƏSMİ AÇIQLAMA

Nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT - FOTO

Nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT - FOTO

SON DƏQİQƏ! Tarif Şurasından dərman qiymətləri ilə bağlı QƏRAR

SON DƏQİQƏ! Tarif Şurasından dərman qiymətləri ilə bağlı QƏRAR

End of content

No more pages to load

RADİO