2025-ci il iyun ayının 1-i vəziyyətinə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, işsiz şəxslərin 48,9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 435 manat olub.
Statistik rəqəmlərdən göründüyü kimi, işsiz şəxslərin çox faizini kişilər təşkil edir.
Bəs kişilərin iş tapmamasına səbəb nədir?
Mövzu barədə Bizim.Media-ya danışan iqtisadçı ekspert Akif Nəsirli deyib ki, qeyri-rəsmi mənzərə fərqlidir:
“Ölkədə, əslində, işsiz əhalinin əksəriyyətini xanımlar təşkil edir. Statistik məlumatların bu gün əks göstərici sərgiləməsi onunla bağlıdır ki, kişilərin böyük əksəriyyəti ailə başçısıdır və bu ailəni dolandırmaqdan ötrü normal pul qazanmalıdır. Rəsmi iş yerlərində də normal əməkhaqqı vermirlər. Ona görə də həmin kişilər qeyri-rəsmi işlərdə işləyirlər. Qadınlar rəsmi işlərdə daha çox çalışırlar. Onlar ailədə ikinci dərəcəli gəlir gətirən üzv sayılırlar. Ona görə də qadınlar az maaş verilən rəsmi işlə qane olurlar”.
Onun sözlərinə görə, qadınların statsitikada məşğulluğu daha çoxdur:
“Kişilər daha çox əməkhaqqı verilən qeyri-rəsmi işlərdə işləyirlər. Bunlar qeyri-leqal məşğulluq seqmentinə aiddirlər. Ona görə də realda kişilərin böyük əksəriyyətinin məşğul olmasına baxmayaraq statsitikada görünür ki, guya qadınların çoxu məşğuldur, kişilər daha az məşğuldr. Yəni rəsmən belədir, qeyri-rəsmi mənzərə tamamilə fərqlidir”.
Günay Şahmar, Bizim.Media