Dünyaca məşhur maliyyə qurumu JP Morgan ABŞ dollarının yaxın 12 ay ərzində zəifləyəcəyini proqnozlaşdırıb.
Bizim.Media xəbər verir ki, bankın strateqləri Dollar İndeksinin (DXY) bu dövrdə təxminən 5,7% dəyər itirəcəyini bildiriblər.
JP Morgan analitiklərinin fikrincə, ABŞ iqtisadiyyatında artım tempi zəifləyir. Bu proses həm daxili, həm də qlobal fiskal siyasətlərin təsiri ilə dolların dəyərinə mənfi təsir göstərə bilər.
Qurum ABŞ-ın iqtisadi artımının bir çox inkişaf etməkdə olan ölkələrin gerisində qalacağını vurğulayıb.
Dollar indeksi prezident Tramp ilə FED sədri Pauel arasında faiz dərəcələri ilə bağlı aparılan müzakirələrdən sonra kəskin eniş yaşayıb. Dünən 97,64–98,20 aralığında dəyişən indeks günü 97,71 bənddə tamamlayıb. Bu gün səhər isə 96,99 səviyyəsinə enib, günorta saatlarında isə 97,20 punktdadır.
JP Morgan, FED-in ilk faiz endirimini 2025-ci ilin dekabr ayında həyata keçirəcəyini ehtimal edir. Bank, ABŞ-ın 2025-ci il üçün iqtisadi artım proqnozunu 2%-dən 1,3%-ə endirib. Bununla belə, güclü korporativ mənfəət və biznes investisiyalarının iqtisadi yavaşlamanı yüngülləşdirə biləcəyi düşünülür.
Qurum əlavə olaraq bildirir ki, 2026-cı ilin əvvəlinə qədər dörd faiz endirimi gözlənilir. Bu da FED-in hədəf faiz dərəcəsini 3,25–3,50% aralığına qədər endirə biləcəyini göstərir.
Qeyd edək ki, JP Morgan-ın proqnozları, xüsusilə dollarla yığım edənlər və valyuta bazarlarında fəaliyyət göstərənlər üçün əhmiyyətli xəbərdarlıq sayılır.
Bank, makroiqtisadi risklərə baxmayaraq, riskli aktivlər üçün müsbət mühitin qorunub saxlanacağını da qeyd edib. (News24.az)
Bizim.Media