İrana baha başa gələn NÜVƏ SEVDASI – 1,2 trilyon dollar necə İTİRİLDİ?

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Artıq səkkiz gündür ki, Yaxın Şərq İsrail-İran qarşıdurmasının hərbi fazasını yaşayır və bunun fəsadları çoxdan regional səviyyəni aşaraq qlobal müstəvidə özünü göstərir.

İranın nüvə enerjisi (atom) sevdası

Ötən dövrə nəzər yetirsək, görərik ki, İran İslam Respublikasının XXI əsr başlayar-başlamaz başına gələn problemlər əsasən onun nüvə proqramlarına bağlı olub. Neft və qaz ehtiyatlarının yarısını belə çıxarmamış bir ölkənin atom enerjisinə hədsiz vurğunluğu sonda görün rəsmi Tehranın başına nə oyun açdı: ölkənin hərbi-sənaye obyektləri, strateji xarakter daşıyan müəssisələri və təbii ki, nüvə enerjisi üzrə müxtəlif təyinatlı laboratoriya və obyektləri yerlə-yeksən edilir.

İranın nüvə enerjisinə malik olmaq istəyi hələ Şah zamanında başlamışdı. Uzun hazırlıqdan sonra 1974-cü ildə İran hökuməti Almaniya şirkəti ilə atom elektrik stansiyasının tikintisinə dair razılıq əldə edir. Təqribən 100 mln dollar vəsait xərclənir ki, ilkin işlərə başlanılsın. Və bir müddət sonra ölkədə İslam İnqilabı baş verir və hər şey unudulur. Amma yaddan çıxmır. İslam Respublikası bir də bu işə 1995-ci ildə qayıdır.
 

Rusiya və İran arasında ölkədə ilk atom elektrik stansiyasının tikintisinə dair saziş imzalanır. 1998-ci ildə tikinti işlərinə start verilir və 2011-ci ildə Buşer AES-nın 1000 MVt gücündə ilk bloku istismara verilir. 


Bundan sonra İrana qarşı ABŞ, Avropa Birliyi və BMT çərçivəsində ardı-ardınca sanksiyaların tətbiqi başlanılır. 2012-ci ildən İran dünyada ilk dövlət olur ki, onu beynəlxalq maliyyə ödənişləri sistemi SWIFT-dən ayırırlar.

İndi sual olunur nəyə görə? Axı dünyada, MAGATE-nin məlumatına görə, 2025-ci ilin əvvəlinə 32 ölkə atom elektrik stansiyasına malik olub və daha 14 ölkə də atomun enerjisindən faydalanmaq üçün çalışır. İş burasındadır ki, İran AES-nın tikintisinə dair işlərə başlayanda nüvə yanacağını Rusiyadan alacağına dair öhdəlik götürsə də, sonradan həm özündə kiçik həcmdə də olsa, uran yataqlarını istismar etməyə və uranın zənginləşdirilməsi prosesinin bütün zəncirlərinə sahib olmaq üçün işlərə baş vurdu.

Mütəxəssislərə görə, “dinc nüvə enerjisi”ndən atom bombasına keçid üçün onun zənginləşdirilmə dərinliyini artırmaq və texniki imkanlara malik olmaq kifayətdir.

Nüvə enerjisi ilə qeyri-dinc davranmağın fəsadları

Rəsmi Tehran arzusundan dönməyəcəyini bildirdi və neftin yüksək qiymətlərində təkcə 4 ildə, 2015-ci ilə qədər ona qarşı qoyulan sanksiyalar, gündəlik neft ixracının 1 mln barel azaldılması ucbatından 192 mlrd dollar itirdi.
 

Bunda əlavə İran iqtisadiyyatı eniş etdi, əvvəlki həcmdə mal və xidməti bazara çıxarıb kapitala çevirə bilmədi. Bu İranı daha əlavə olaraq 200 mlrd dollardan məhrum etdi. Ümumilikdə isə, müxtəlif hesablamalara əsasən, hesab edilir ki, son 15 ildə İran iqtisadiyyatı ən azı 1,2 trilyon dollar qazanc imkanını əlindən buraxıb.


Onu deyim ki, 1908-ci ildən 2024-cü ilə qədər olan statistikaya əsasən, İran özünün neft ehtiyatlarının 45%-ni, qaz ehtiyatlarının isə cəmi 37%-ni çıxara bilib.  İran son məlumatlara görə, gündəlik olaraq 3,3 mln bareldən çox neft və təqribən 0,7 mln barel kondensat hasil edir və bunun 2,2 mln barelini, yəni yarısından çoxunu ixraca yönəldir. İranın neftinin 90%-ə qədər hissəsinin alıcısı rolunda isə Çin çıxış edir. Özü də Brent markalı neftlə müqayisədə Çin sanksiyalar altında olan İranın “qara qızılının” hər barelini təqribən 9-10 dollar ucuzuna alır.

İndi məntiqi sual yaranır: bu qədər vəsaitin müqabilində əldə etdiyi nəticə nə oldu? Müharibəmi? Müharibə isə xərcdir, özü də böyük xərclər, hələ dağıdılmış potensialın bərpa edilməsinin qiyməti bəlli deyil. Amma hələ ki, bir həftədən çox davam edən bu hərbi əməliyyatlar dünya bazarlarına kifayət qədər öz təsirini göstərmək gücündə olub. Özü də Yaxın Şərqdən xeyli uzaq bazarlarda belə.

Qlobal bazarda çaxnaşma

Avropanın qaz qovşağı TTF-də İsrail və İran arasında münaqişənin kəskinləşməsi fonunda mavi yanacağın aprelin əvvəlindən bəri ən yüksək həddi qeydə alındı – 1000 kubmetr qaz iyunun 19-da 481,5 dollara satıldı. Münaqişədən başlamazdan əvvəl isə 442 dollara satılırdı. Qaz qiymətlərin artımına bu kimi amillər təsir edirdi: İsrail özünün Aralıq dənizindəki ən iri qaz yatağı – Leviafhanda hasilatı təhlükəsizlik məqsədi ilə müvəqqəti dayandırmaq qərarı verdi. Nəticədə İsrailin Misirə boru kəməri ilə qaz ixracı dayandı, Misir isə öz növbəsində ölkəsindəki gübrə zavodlarında istehsalını azaltmağa məcbur oldu.
 

Bundan əlavə Misir elektrikin istehsalında qaz azaldığından xarici bazarlarda böyük həcmdə mazut sifarişi verdi. Bu isə özünü neft qiymətlərində göstərdi. Neft qiymətlərinin hərraclarda qiymətinin artımına həmçinin ABŞ-nin münaqişəyə müdaxilə etməsi ilə İranın Hörmüz boğazını bağlamaq üçün addımlar artması ehtimallarının artması oldu.


Bu xəbərlər bazar iştirakçıları arasında o qədər narahatlıq yaratdı ki, hətta Qətər maye qaz daşıyan tankerlərindən artan gərginlik şəraitində riskləri azaltmaq üçün yükləmə başlamamış Hörmüz boğazı yaxınlığında gözləmələrini xahiş etdi. Neft daşıyan tankerlərin günlük fraxt qiymətləri isə həftə ərzində 20-30% artdı.

Belə bir şəraitdə London Əmtəə Birjasında Brent markalı neft iyunun 19-da 79 dollar həddini keçməyə müvəffəq oldu. Onu deyim ki, sonuncu dəfə neft bu qiymətə cari ilin yanvarın 23-də satılmışdı. İsrail İrana hava zərbələri endirməzdən öncə neft 69,36 dollar qiymətində ticarət edilirdi. Yəni 1 həftə ərzində “qara qızılın” qiyməti 14% artıma meylli oldu.

Neftin qiymətləri bundan sonra necə dəyişə bilər?

Məsələ burasındadır ki, bazar iştirakçıları artıq özləri üçün müəyyən ediblər ki, İsraillə İran arasındakı davanın hərbi fazasının yaxın müddətdə dayanma ehtimalı aşağıdır. Bazarlar da bundan narahatlıq keçirirlər. Ona görə də hələ ki, neft də, qaz da bahalı dövrünü yaşayır.

“bp-Azərbaycan” rəhbərliyində dəyişiklik
 

Yola saldığımız həftə Azərbaycanın neft-qaz sektorunda aparıcı rolu ilə seçilən Böyük Britaniyanın bp şirkətinin rəhbərliyi Londondan Bakıya səfər etdi. Səfər çərçivəsində iyunun 19-da bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də qəbul etdi.


Söhbət zamanı uzun illərdir Azərbaycanla bp arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb. Bu deyilənlər Azərbaycan tərəfinin yaydığı rəsmi məlumat idi. Yəni məlum olmurdu ki, bu boyda şirkətin rəhbəri hansı səbəbdən Azərbaycan səfər edib və ortada müzakirə ediləsi nə məsələ olub ki, dövlət başçısı səviyyəsində görüşə ehtiyac yaranıb.

Az keçmədi ki, sükutu elə Britaniya şirkəti pozdu. bp Ciovanni Kristofolin bp-nin

Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti təyin olunduğunu açıqladı. 24 ildir ki, bp-də çalışan Ciovanni bu vəzifənin icrasına 1 oktyabr 2025-ci il tarixindən başlayacaq. O, bu vəzifədə bp-nin regiondakı biznesinə 2017-ci ilin aprel ayından rəhbərlik edən Qeri Counzu əvəz edəcək. Sonuncunun isə bundan sonra hansı işlə məşğul olması hələ qaranlıq qalır, bp press-relizində bununla bağlı daha sonra məlumat verməsini bildirib.

Əlavə edim ki, onun yaşı artıq təqaüd dövrünə yaxınlaşır. İndiyə qədər bp-nin Azərbaycandakı biznesinin cəmi bir rəhbəri yaşa görə təqaüdə göndərilib. O da, 90-cı illərin sonlarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ilk prezidenti Terri Adams olub.

bp-nin Azərbaycan üçün əhəmiyyəti

Xatırladım ki, bp şirkətinin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən neft-qaz layihələri ölkəmizin iqtisadiyyatında müstəsna əhəmiyyətə malikdirlər.
 

Cari ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatında “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrinin xüsusi çəkisi hazırda 72,5% təşkil edir. Ölkədəki ümumi qaz hasilatında isə bp-nin operatorluğu ilə çıxarılan mavi yanacağın payı 80,8%-dir. Ona görə də rəsmi Bakının bp ilə 3 onillikdən çox davam edən əməkdaşlığı kifayət qədər önəmli məsələdir.


Azalan neftimizi kompensasiya edən qazımız

Burada diqqətinizi cari ilin ilk beş ayının yekunları üzrə Azərbaycanın enerji sektorunun vəziyyətinə yönəltmək istərdim. Dövlət Statistika Komitəsi bildirir ki,  hesabat dövründə xam neft və təbii qaz hasilatı üzrə 14,8 milyard manatdan çox istehsal qeydə alınıb ki, bu da ÜDM-in 29,7%-i deməkdir.

Azərbaycan iqtisadiyyatının əsas məhsulu olan əmtəəlik neft hasilatı 11,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 16,2 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9% azalmış, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artım nümayiş etdirib.

Neft ixracında maraqlı məqam

Neftimizə dair daha bir maraqlı məlumatı Dövlət Gömrük Komitəsi açıqlayıb. Belə ki, bu ilin yanvar-may aylarında Azərbaycan 17 ölkəyə xam neft ixrac edib. Bunun maraqlı tərəfi odur ki, neftin böyük həcmi Avropa bazarında satılıb. Avropadan kənar məkanda cəmi 4 ölkəyə Azərbaycan neft ixrac edib. Bunlar Türkiyə, Tunis, İndoneziya və Tailanddır. Ümumilikdə, Azərbaycanın neft ixracının 96,4%-i Avropa bazarlarının payına düşüb.

Qeyd edim ki, Azərbaycan neftinə Avropa bazarlarında maraq daim yüksək olub. Amma bu maraq əsasən 2022-ci ildən başlayaraq daha da artıb. Əvvəlki illərdə Azərbaycan neftinin ixracında Avropanın payı 55%-dən az olmayıb. Bu da onunla əlaqədardır ki, Azərbaycan nefti özünün kimyəvi tərkibinə görə daha keyfiyyətlidir.

Bu faktor onu daha cəlbedici edir. Özü də Avropada ekoloji standartlar daha da sərtləşdirildikcə, bu məkanda yerləşən neftayırma zavodlarının Azərbaycandan neft alışı daha da artıb. Çünki Azərbaycan neftinin tərkibində kükürdün miqdarı o qədər aşağıdır ki, onu treyderlər hətta “kükürdsüz neft” də adlandırırlar.
 

Bu baxımdan Azərbaycandan neft idxal etməklə, Avropadakı zavodlar onun emalı üçün daha az enerji sərf etməli olurlar, həm də bu zaman atmosferə daha az miqdarda zərərli maddələr atmaq imkanı qazanırlar. Ona görə də bizim neftə tələbat inkişaf etmiş ölkələrdə daha çox müşahidə edilir.


İxrac neftimizin qiyməti

Bir məsələni də qeyd edim ki, Gömrük Komitəsinin məlumatlarından çıxış edərək Azərbaycanın cari ilin ilk beş ayında neftini orta hesabla hansı qiymətə satdığını müəyyənləşdirmək olar. Açıqlanan statistikaya əsasən, ixrac edilən 10 mln 363 min ton neftin gömrükdə bəyan edilmiş dəyəri 5 mlrd 642,7 milyon dollar təşkil edib. Deməli, Azərbaycan ixrac etdiyi neftinin 1 tonunu 544,5 dollara satıb. Bunu da barelə çevirsək alarıq 73,58 dollar. Azərbaycanın dövlət büdcəsi isə cari il üçün 70 dollar ixrac qiymətləri ilə tərtib edilib.

Əgər nəzərə alsaq ki, son bir həftədə neft qiymətləri 70 dolları aşan həddə ticarət edilir və dünyada yaşanan təlatümlər qlobal bazarda hələ neftin aşağı meyl etməsinin qarşısını alır, onda əminliklə demək olar ki, cari ilin İ yarısında neft qiymətləri ilə bağlı Azərbaycan dövlət büdcəsində nəzərdə tutulan proqnozlar özünü artıqlaması ilə doğruldur.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenskini Polşada hava limanında öldürmək istəyiblərmiş

Zelenskini Polşada hava limanında öldürmək istəyiblərmiş

Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”

Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”

Bəhruz Səmədova 15 il HƏBS VERİLDİ

Bəhruz Səmədova 15 il HƏBS VERİLDİ

Vətəndaşlara XƏBƏRDARLIQ: Milyardlarla istifadəçinin məlumatları sızdırıldı

Vətəndaşlara XƏBƏRDARLIQ: Milyardlarla istifadəçinin məlumatları sızdırıldı

Elarizin qızı məhkəməyə ÇAĞIRILDI

Elarizin qızı məhkəməyə ÇAĞIRILDI

ASGA-nın Minskdə növbəti tədbiri KEÇİRİLDİ – FOTO/VİDEO

ASGA-nın Minskdə növbəti tədbiri KEÇİRİLDİ – FOTO/VİDEO

Həbsdə olan xalası oğluna sümüyün içində heroin keçirmək İSTƏDİ - FOTO

Həbsdə olan xalası oğluna sümüyün içində heroin keçirmək İSTƏDİ - FOTO

Alla Puqaçovanın Kiprdəki villası - VİDEO

Alla Puqaçovanın Kiprdəki villası - VİDEO

Abituriyentlərin DİQQƏTİNƏ: İmtahan keçiriləcək

Abituriyentlərin DİQQƏTİNƏ: İmtahan keçiriləcək

Korrupsiyaya görə həbs edilən icra başçıları – ARAŞDIRMA

Korrupsiyaya görə həbs edilən icra başçıları – ARAŞDIRMA

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Ermənilərin oğurladığı “Qal, sənə qurban” mahnısı "YouTube"dan silindi – RƏSMİ

Ermənilərin oğurladığı “Qal, sənə qurban” mahnısı "YouTube"dan silindi – RƏSMİ

Çin Azərbaycana TƏŞƏKKÜR ETDİ

Çin Azərbaycana TƏŞƏKKÜR ETDİ

Netanyahunun xanımından İran xalqına MÜRACİƏT: "Biz sizin düşməniniz deyilik" – FOTO

Netanyahunun xanımından İran xalqına MÜRACİƏT: "Biz sizin düşməniniz deyilik" – FOTO

Qanalı futbolçu “Qəbələ”nin TRANSFER HƏDƏFİNDƏ

Qanalı futbolçu “Qəbələ”nin TRANSFER HƏDƏFİNDƏ

Sığınacaqdan başlayan sevgi hekayəsi: Səma və Rüfət EVLƏNİR – FOTO/VİDEO

Sığınacaqdan başlayan sevgi hekayəsi: Səma və Rüfət EVLƏNİR – FOTO/VİDEO

Ən "ucuz" qadınlar belə edir - Bu səhvləri etməyin

Ən "ucuz" qadınlar belə edir - Bu səhvləri etməyin

Məktəbi fərqlənmə ilə bitirənlərin sayı açıqlandı

Məktəbi fərqlənmə ilə bitirənlərin sayı açıqlandı

Pensiya kartlarını alıb, ruhi dispanserə SALDIRIB – “14 ildir DÖYÜR” - VİDEO

Pensiya kartlarını alıb, ruhi dispanserə SALDIRIB – “14 ildir DÖYÜR” - VİDEO

"Canını al, pulunu alma" - Ən xəsis 2 BÜRC

"Canını al, pulunu alma" - Ən xəsis 2 BÜRC

Rəsmi Bakı Suriyaya başsağlığı verdi

Rəsmi Bakı Suriyaya başsağlığı verdi

Bu suların əks təsirini bilsəniz, bir daha içməyəcəksiniz

Bu suların əks təsirini bilsəniz, bir daha içməyəcəksiniz

SON DƏQİQƏ! İran Suriyada ABŞ hərbi bazasına HÜCUM ETDİ

SON DƏQİQƏ! İran Suriyada ABŞ hərbi bazasına HÜCUM ETDİ

Arayik əvvəllər bu bankda işləyib - Məhkəmədə YENİ ETİRAF

Arayik əvvəllər bu bankda işləyib - Məhkəmədə YENİ ETİRAF

End of content

No more pages to load

RADİO