Azərbaycanda gündəlik olaraq uşaqların 75 faizi internetdən istifadə edir.
Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı sorğu nəticəsində üzə çıxıb.
Komitədən bildirilib ki, respondentlərin 67 faizi valideynlərin internetlə bağlı uşaqlara heç bir məhdudiyyət qoymadığını bildirib. Uşaqların 45 faizdən çoxu gündə 5 saatdan çox internetdən istifadə edir. Bu, ciddi rəqəmdir. Uşaqlar xüsusilə sosial şəbəkələr vasitəsilə zərərli informasiyaların, hətta insan alverinin qurbanına çevrilə bilərlər.
Həmçinin qeyd edilib ki, bəzi özəl şirkətlər yetkinlik yaşına çatmayan şəxsləri onlayn kazinolara və s. cəlb edirlər. Beləliklə, onların vasitəsilə insanların bank kartlarına müdaxilə edirlər:
“Hətta bəzi banklar 7-8 yaşlı uşaqların adına bank kartlarının açılması ilə bağlı xidmətlər təklif edirlər. Biz komitə olaraq müraciət edəcəyik ki, Azərbaycandakı kommersiya bankları 14 yaşından aşağı uşaqlar üçün maliyyə hesabları aça bilməsinlər. Bu, qanunvericiliklə tənzimlənməlidir”.
Bu qadağa problemi həll edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Mllət vəkili Arzuxan Əlizadə deyir ki, məktəblilərin gün ərzində telefon və yaxud komputer vasitəsilə sosial şəbəkələrdə uzun müddət vaxt keçirmələri, internet üzərindən hətta qadağan olunmuş saytlara daxil olmaları bir problem kimi qarşımızda durur:
“Bu məsələ uzun müddətdir ki, cəmiyyətdə müzakirə olunur. Düşünürəm ki, Dövlət Komitəsinin təklif etdiyi uşaqların adına bank kartlarının açılmasının qarşısının alınması hesabına bu problemi həll etmək olmaz. Çünki uşaqlar telefondan, kompüterdən və digər vasitələrdən istifadə edirlər.
Ən pisi də odur ki, azyaşlılar internet üzərindən müəyyən sektalara da cəlb olunurlar. Bundan da çox ciddi fəsadlar doğur. Ona görə də bu problemlərin çözülməsi üçün ilk növbədə güclü valideyn nəzarəti olmalıdır. Bundan əlavə uşaqların məktəbdə ciddi maarifləndirilməsinə ehtiyac var.
Uşaqlara alternativlər təklif olunmalıdır.
Onların asudə vaxtlarının səmərəli təşkili üçün ortaya yeni təkliflər qoyulmalıdır. Hesab edirəm ki, uşaqların zövqünə uyğun variantlar təklif olunsa çox yaxşı nəticə əldə edilə bilər. Məsələn, musiqi, rəsm dərnəkləri, idman oyunları uşaqların zövqüncə olar. Beləcə uşaqları daha çox məşğul etməklə onları pis vərdişlərdən çəkindirmək olar. Amma uşaqlara kartların verilməsinin qarşısını almaqla çox şeyə nail ola bilmərik. Bu məsələ inzibati yolla yox, maarifləndirmə yolu ilə çözülə bilər”.
Surxay Atakişiyev, Bizim.Media