Azərbaycanın kişilərdən ibarət voleybol millisi 2026-cı il Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarına hazırlaşır.
Bizim.Media xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi komandanı iki qarşılaşma gözləyir.
Millimiz avqustun 13-də səfərdə Belçika, 16-da isə Bakıda Avstriya ilə qarşılaşacaq.
Komandanın hazırlığı haqqında Bizim.Media-ya açıqlama verən baş məşqçi voleybolçularımızı çətin oyunların gözlədiyini dedi:
“Milli komandamız artıq 3 həftədir hazırlığa başlayıb. Gümüş Avropa Liqası oyunlarından 3-4 gün sonra oyunçular yenidən toplanışa yığıldı. Heyətə 2 yeni oyunçu cəlb etmişik.
Elmin Alışanovu yenidən milliyə cəlb etmişik. Kənan Həsənli isə ilk dəfə milli komandada mübarizə aparacaq. Ona da digər gənclər kimi özünü göstərmək imkanı yaradacağıq.
Əvvəl Belçika, sonra isə Avstriya ilə oynayacağıq.
Keçən il bu komandalarla qarşılaşmışıq. Hər ikisi yaxşı komandadı.
Heyətində Avropanın sayılıb-seçilən klublarında oynayan oyunçular var. Hazırda komandamız fiziki və texniki baxımdan hazır vəziyyətdədir. Heyət gənc oyunçulardan qurulub.
Əsas məqsədimiz onlara təcrübə qazandırmaqdır. Biz artıq indidən onları gələcək yarışlar üçün hazırlamalıyıq. İnşallah hər iki görüşdə yaxşı oyun göstərmək üçün əlimizdən hələni edəcəyik”.
Qeyd edək ki, seçmə mərhələnin ilk oyunları ötən il baş tutub. Həmin qarşılaşmalarda yığmamız hər iki rəqibinə – səfərdə Avstriyaya və evdə Belçikaya 0:3 hesabı ilə məğlub olub.
Hazırda Belçika komandası qrupun lideridir. Onlar ilk iki oyunda 6 xal toplayıb və hələ ki, heç bir setdə uduzmayıblar.
Rəşad Rafiqoğlu, Bizim.Media