AFFA birinci dəstədən Premyer Liqaya yüksələn iki komandaya güzəştə gedib.
Bizim.Media xəbər verir ki, “Karvan” və “İmişli” klublarına bir il müddətində aşağı yaş qrupları və əvəzedicilər liqasında iştirak etməməyə icazə verilib.
Halbuki bu klublarla bərabər birinci dəstənin çempionu olan “Qəbələ” komandası da eyni güzəştin onlara edilməsi üçün federasiyaya müraciət etmişdi. Ancaq nədənsə AFFA yalnız “İmişli” ilə “Karvan”a güzəşt edilməsinə qərar verib.
“Qəbələ” isə doğrudan da əvəzedicilər liqasında iştirak etmək istəmir.
Bununla bağlı Bizim.Media-ya açıqlama verən klubun idman direktoru Səbuhi Səfiyarlı adıçəkilən yarışda iştirak üçün maliyyə imkanlarının olmadıqlarını bildirdi:
“Biz əvəzedicilər çempionatında iştirak etmək istəmirik. Çünki buna büdcəmiz imkan vermir. AFFA-ya ona görə müraciət etmişdik ki, bizə yarışda iştirak etməməyə şərait yaratsın, yəni güzəşt etsin. Ancaq nədənsə bizə güzəşt edilmədi, yalnız “Karvan”la “İmişli”yə güzəşt edildi”.
Klub rəsmisi bundan sonra əvəzedicilər liqasında iştirak etməkdən başqa yollarının qalmadıqlarını dedi:
“Əlbəttə oynamaq istəmirik. Ancaq bu məsələ tam bizdən asılı deyil. AFFA artıq qərarı verib. Deməli oynamaqdan başqa çarəmiz qalmayıb. Birtəhər komandanı yaradıb çempionatda iştirakını təmin etməlitik”.
Rəşad Rafiqoğlu, Bizim.Media