Azərbaycanı uzun illər voleybol üzrə Avrokuboklarda təmsil etmiş “Azərreyl”in qadınlardan ibarət komandası artıq bir neçə mövsümdür ki, qitə yarışlarından kənarda qalıb.
Bizim.Media xəbər verir ki, bu mövsüm də qadınlardan ibarət kollektivi Avrokuboklarda görə bilməyəcək.
Bəs görəsən bu qərar nə ilə əlaqədardır?
Ölkəmizi uzun illər Çempionlar Liqasında təmsil etmiş “dəmiryolçular”un indi turnirdən kənarda qalması ilə bağlı klubun prezidenti Ramin Əzizovla əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında klubun qadın komandasının Avrokuboklarda iştirak etməməsini “Azərreyl”in strategiyası ilə əlaqələndirdi:
“Qadın komandamızın bu mövsüm avrokuboklarda iştirak etməməsi mövsümün ümumi planlaşdırılması ilə bağlı strateji qərardır. "Azerreyl" daim bir neçə cəbhədə mübarizə aparan klub olub. Hazırda kişi komandasının hazırlıq və potensial səviyyəsi nəzərə alınaraq, beynəlxalq arenada iştirak hüququ onlara verildi. Qadın komandamız isə yenidən qurulma mərhələsindədir və diqqəti ölkə çempionatında uğurlu çıxışa yönəltmişik. Bu qərarın gələcəkdə daha güclü, daha dayanıqlı komanda modelinə gətirəcəyinə inanırıq”.
Rəşad Rafiqoğlu, Bizim.Media