Bu gün “Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır. Ağdam təmsilçisinin turnirin ikinci təsnifat mərhələsindəki rəqibi İrlandiyanın “Şelburn” klubudur. Bundan əvvəlki oyunlara əsasən demək olar ki, “Qarabağ” həmişə ilk mərhələ görüşlərində çətinlik çəksə də, sonda mərhələni keçən tərəf olub.
Bəs bu dəfə nə olacaq?
Millimizin keçmiş baş məşqçisi Arif Əsədov Bizim.Media-ya açıqlamasında “Qarabağ”ın rəqibindən üstün olduğunu dedi:
“Qarabağ” həm komanda baxımından, həm də heyət baxımından rəqibdən üstündür. Sadəcə bəzi amillər var ki, rəqibin leyhinə işləyə bilər. Bunlar da, doğma meydan və azarkeş amilidir.
Komandanın uzun yol qət etməsi və İrlandiyada çempionatın davam etməsi, bizdə isə hazırlıq dönəminin olması da ölkə çempionuna müəyyən çətinliklər yarada bilər. Yeni transferlərin komandaya uyğunlaşması məsələsini də yaddan çıxarmamalıyıq.
Nəzərə alsaq ki, “Qarabağ” Çempionlar Liqasının ilk oyununda həmişə çətinlik çəkir, sonradan isə öz oyununu tapır, fikrimcə komandamızın “Şelburn”u keçməsində heç bir problem olmamalıdır. Komanda ilk dəqiqələrdən çətinlik çəksə belə, sonda təcrübə, ustalıq baxımından sərfəli nəticə qazanıb Bakıya dönəcək və ümumiyyətlə mərhələni keçən tərəf olacaq”.
Futbol funksioneri Ceyhun Sultanov da “Qarabağ”ın bu cütlükdə favorit olduğunu düşünür:
“Qarabağ” bir qədər yenilənib. Bəzi futbolçular gedib, yeni oyunçular gəlib. Düzdür, həmin oyunçuların komandaya uyğunlaşması müəyyən vaxt aparacaq. Ancaq komandanın oturuşmuş bir oyun sistemi var. Hələ transferlər bitməyib və yeni oyunçular da yəqin ki gələcək.
“Qarabağ”ın tam forma yığması üçün vaxt lazımdır. Ancaq istənilən halda komandamız rəqibdən üstündür və fikrimcə mərhələni keçən tərəf olacaq”.
“Kəpəz”in keçmiş baş məşqçisi Azər Bağırov da rəqibin oyun təcrübəsi baxımından üstün olduğunu desə də, “Qarabağ”ın mərhələ keçəcəyinə inanır:
“İrlandiyada hazırda çempionat getdiyindən “Şelburn” oyun təcrübəsi baxımından üstündür. Bu amil Ağdam klubuna ilk 20-25 dəqiqə ərzində müəyyən çətinliklər yarada bilər. Ancaq “Qarabağ” bu çətinlikləri aşacaq qədər təcrübəli kollektivdir. Yaxşı oyun gözləyirəm.
Bu həm də “Qarabağ”ın yeni transferlərinin özlərini göstərmək baxımından da bir fürsətdir. Mən hətta komandamızın asanlıqla mərhələ keçəcəyini gözləyirəm. Çünki “Qarabağ” uzun müddətdir ki, Avrokuboklarda oynayır və zəngin təcrübəyə malikdir”.
Qeyd edək ki, bu gün keçiriləcək “Şelburn” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22-45-də başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media