Sentyabrın 19-21-də Bakıda baş tutacaq "Formula-1" üzrə Azərbaycan Qran-prisinə cəmi iki ay qalıb.
Bizim.Media xəbər verir ki, yarışın startına sayılı günlər qaldıqca, şəhərdə motor sədalarının və böyük idmanın nəfəsi hiss olunmağa başlayıb.
Bakı Şəhər Halqası (BŞH) ilk dəfə 2016-cı ildə dünya çempionatının bir mərhələsinə ev sahibliyi edib və bu tarixdən etibarən hər il yaddaqalan anlara imza atıb. Azərbaycan Qran-prisi təkcə mübarizə və sürət yox, həm də şəhər və mədəniyyətin birləşdiyi unikal tədbirə çevrilib.
Milli mərhələmiz ilk dəfə 2016-cı ildə Avropa Qran-prisi adı ilə baş tutub və bu tarixdən etibarən həm yarış gərginliyi, həm də şəhər atmosferi ilə "Formula-1" azarkeşlərinin sevimli yarışlarından birinə çevrildi. Hər il Bakıda baş verən hadisələr bir çox hallarda mövsümə təsir edən dönüş nöqtələri kimi tarixə düşüb.
2017-ci ildə "Ferrari"nin pilotu Sebastyan Fettellə "Mercedes"in sürücüsü Lyuis Hemilton arasında yaşanan insident, 2018-ci ildə Valtteri Bottasın son döngədə təkərinin partlaması səbəbi ilə əldən verdiyi qələbə və 2021-ci ildə həm Maks Ferstappenin qəzası, həm də Hemiltonun finişə iki dövrə qalmış buraxdığı səhv bu yarışın gözlənilməz və dramatik ruhunu bir daha göstərib.
2023-cü ildə Bakıda yarış həftəsonu fərqli formatda təqdim olunub - iki il əvvəl çempionatda debüt etmiş sprint formatlı həftəsonu yenilənmiş tərzdə keçirilib. Cümə günü sprint sıralanma turunun, şənbə günü sprint yarış və əsas sıralanma turunun, bazar günü isə əsas yarışın keçirilməsi həftəsonunu azarkeşlər üçün daha maraqlı edib. Həmin il "Red Bull" komandasının sürücüsü Serxio Peres burada ikinci dəfə qalib gələrək Bakı yarışının uğurlu pilotuna çevrilib.
Azərbaycan Qran-prisi təkcə yarış deyil, həm də şəhərin mədəni həyatında mühüm rol oynayan tədbirə çevrilib. Müxtəlif illərdə yarışla paralel olaraq keçirilən konsert proqramlarında dünya ulduzları çıxış ediblər.
Kris Braun, Enrike İqlesias, "The Black Eyed Peas", Dua Lipa, Cemiroquay və Kardi Bi kimi sənətçilər Bakı səhnəsində onminlərlə insan qarşısında çıxış edərək yarış həftəsonuna unudulmaz əyləncə bəxş ediblər.
Bu il keçiriləcək Qran-pri həm idman baxımından, həm də təşkilati yeniliklərlə daha da fərqli olacaq. Paytaxtın mərkəzində - İçərişəhər, Azadlıq meydanı və Dənizkənarı bulvar kimi ərazilərdən keçən Bakı Şəhər Halqası sürət, strategiya və texniki bacarığın birləşdiyi unikal mübarizə məkanıdır.
Azarkeşləri isə fan-zonalarda interaktiv tədbirlər, musiqi proqramları və sürpriz dolu yarış həftəsonu gözləyir.
Bizim.Media