İyulun 6-dan Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün ilk yoxlama oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, Kurban Berdiyevin baş məşqçisi olduğu komanda Türkiyənin I Liqa təmsilçisi “Çorum”la qarşılaşacaq.
Azərbaycan millisinin üzvü Coşqun Diniyevin, eləcə də “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçin heyətində olduğu “Çorum” ilə sınaq matçının Bakı vaxtı ilə saat 18:00-da start götürməsi nəzərdə tutulub.
Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşan tovuzlular bundan sonra Boluya yollanaraq toplanışın ikinci mərhələsini orada davam etdirəcək. Bölgə klubunun Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq.
Həmin arada daha 3 oyun keçirməyi planlaşdıran Berdıyevin komandasının rəqiblərindən birinin Cənubi Azərbaycan təmsilçisi “Traktor” olacağı gözlənilir. Sözügedən görüş iyulun 29-da keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media