Tanınmış futbolçu və seleksioner Bəxtiyar Musayev AFFA-da fəaliyyətə başlayıb. Belə ki, o, federasiyanın texniki departamentində texniki skautlar şöbəsinin rəisi kimi fəaliyyət göstərəcək. Bəs görəsən Musayevin yeni işində fəaliyyəti nədən ibarət olacaq?
Bununla bağlı Bizim.Media-ya açıqlama verən təcrübəli futbol funksioneri yeni işindən danışdı.
O, əsasən milli komandaya futbolçu seçimi ilə məşğul olacağını dedi:
“Mənə təklif şəxsən federasiyanın baş katibi Cahangir Fərəcullayevdən gəldi. Bir neçə dəfə görüşdük və sonda bu vəzifəyə təyin olundum. Bu əslində mənə yad olan sahə deyil. Bundan əvvəl klublarda skautluqla məşğul olmuşam.
Oyunçu seçimində təcrübəm var. İndi isə artıq federasiyada bu işi görəcəm. Əlbəttə, klubdakı işlə buradakı fəaliyyət arasında böyük fərq var. Klublarda əsasən legionerlərin seçimi ilə məşğul olurduq.
Burada isə işimiz yerli futbolçularla bağlı olacaq. Məqsəd yaxşı, perspektivli uşaqları milli komandaya cəlb edib onları Azərbaycan futboluna qazandırmaqdır. Söhbət təkcə əsas millidən yox, həm də aşağı yaş qruplarından gedir. İnanıram ki, fəaliyyətim Azərbaycan futbolunun xeyrinə olacaq”.
Rəşad Rafiqoğlu, Bizim.Media