“Qəbələ” futbol akademiyasının fəaliyyətini dayandırması barədə xəbər ölkə futbol gündəmində hələ də müzakirə olunur. Klub özü bu qərarın sırf maliyyə çatışmazlığı ilə bağlı olduğunu bildirib.
Məsələyə münasibət bildirən AFFA isə öz növbəsində kluba sırf akademiyanın saxlanılması üçün 700 min manat vəsait ayırdığını, hətta milli komandaların bir çox toplanışlarının da məhz Qəbələyə salındığını bəyan edib.
Federasiya bu bəyanatla komandaya maliyyə cəhətdən hər cür yardım etdiyini dilə gətirib.
Amma görünür, bu vəsait də ölkənin ən yaxşı futbol akademiyasının saxlamılmasına ya bəs etmir, ya da həmin vəsait başqa işlərə xərclənir. Hazırda əsas məqamlardan biri də akademiyanın nəzdində olan futbol meydançalarının taleyi ilə bağlıdır. Çünki ölkədə ən yaxşı təbii qazonların olduğu bu meydançaların saxlanılması da kifayət qədər vəsait tələb edir.
Məsələ ilə bağlı “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlıya müraciət etdik. Klub rəsmisi isə Bizim.Media-ya açıqlamasında meydançalarla bağlı qəti qərarın verilmədiyini dedi:
“Klub olaraq meydançaların taleyi bizi də çox narahat edir. Əsas meydançadan başqa bir neçə meydançalar var ki, onların yaxşı vəziyyətdə olması üçün kifayət qədər maliyyə vəsaiti lazımdır. Bununla bağlı hələ qəti qərar verilməyib. Hər şey büdcədən asılıdır. Əgər vəsait olsa, bu meydançaları saxlayacağıq. Əks halda başqa qərar veriləcək”.
Rəşad Rafiqoğlu, Bizim.Media