“Liverpul” vəfat edən hücumçusu Diogo Jotanın xatirəsini əbədiləşdirmək məqsədilə onun geyindiyi 20 nömrəli formanı dövriyyədən çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubun yaydığı bəyanatda bildirilir: “20 nömrə “Liverpul”un 2024/2025 mövsümündə qazandığı 20-ci çempionluğa verdiyi töhfəyə görə əbədiləşdiriləcək. Apreldə keçirilən Mersisayd derbisində “Kop” tribunası qarşısında etdiyi tipik fənd və zərbə ilə qələbə qazandıran qol onun həyatının da son qolu oldu”.
Qeyd edək ki, Jota sözügedən qarşılaşmada – Premyer Liqanın 30-cu turunda “Everton”a qarşı keçirilən oyunda yeganə qola imza ataraq komandasına 1:0 hesablı qələbə qazandırmışdı.
Xatırladaq ki, iyulun 3-də İspaniyanın Samora əyalətində baş verən yol qəzası nəticəsində 28 yaşlı Diogo Jota və 26 yaşlı qardaşı Andre dünyasını dəyişib.
Bizim.Media