2005-ci ildən fəaliyyət göstərən “Qəbələ” Futbol Akademiyası fəaliyyətini dayandırıb.
Bizim.Media xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, ötən 20 il ərzində ölkə futboluna yüzlərlə istedadlı gənc futbolçu qazandıran, onlarla oyunçunun müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarına yüksəlməsində mühüm rol oynayıb:
“Bu illər ərzində akademiya ölkəmizdə gənclər futbolunun inkişafına, bölgələrdə istedadların üzə çıxarılmasına və onların peşəkar futbol mühitinə inteqrasiyasına töhfə verib. Lakin təəssüf hissi ilə bildirmək istəyirik ki, hazırkı maliyyə çətinlikləri səbəbindən “Qəbələ” Futbol Akademiyasının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılır.
Ötən mövsümdən başlayan maliyyə problemlərini aradan qaldırmaq üçün apardığımız hərtərəfli fəaliyyət, ayrılan maddi yardımlar, bunlarla yanaşı əməkdaşlarımızın uzun müddətdir göstərdiyi fədakarlıq tam güclə fəaliyyət göstərməyə, təəssüf ki kifayət etmir. Bu qərar bizim üçün asan olmayıb”.
Qeyd olunub ki, klub olaraq məqsədləri gələcəkdə yenidən stabil maliyyə mühiti formalaşdıraraq akademiya fəaliyyətini daha güclü şəkildə bərpa etmək və gənc futbolçular üçün inkişaf imkanlarını genişləndirməkdir:
“Akademiyamızda illər ərzində zəhmət göstərmiş bütün məşqçilərə, işçilərə və xüsusilə də valideynlərin etimad göstərərək bizə əmanət etdikləri bütün gənc futbolçulara dərin təşəkkürümüzü bildiririk”.
Bizim.Media