Başa çatan mövsümdə “Qaradağ Lökbatan”ı çalışdıran Amit Quluzadə klubdan ayrılıb.
Mütəxəssis işsiz qaldıqdan sonra I və II Liqa klublarından təklif alıb, ancaq anlaşma əldə edilməyib.
Bizim.Media xəbər verir ki, Quluzadə “FutbolPress“ə açıqlamasında müqavilə şərtlərində razılaşmadıqlarını bildirdi.
Mütəxəssis Avropada təcrübə keçmək üçün planlar qurduğunu əlavə etdi:
“Avstriyanın “Rapid” klubunun düşərgəsinə yollanmaq istəyirəm. Viza problemi çıxmasa, gələn ayın əvvəli 10 günlük təcrübə proqramında iştirak edəcəm”.
Amit Quluzadə başa çatan mövsümdə komandanın sonuncu olmasına da toxundu:
“Oynadığımız futbolun qarşılığı bu olmalı deyildi. Son turlarda ciddi hakim səhvləri ilə üzləşdik.
Məni bir yerə təyin ediblərsə, deməli, məsuliyyət daşıyıram. Nə qədər özümüzü öldürsək də, səsimizi eşitmədilər. Mənə 2 oyunda hakimi təhqir etdiyim üçün cəza veriblər. Amma hara lazımdırsa, sübut etməyə hazır idim ki, mən hakimləri təhqir etməmişəm. “Karvan”la matçda heç referiləri görməmişəm, ancaq yazıblar ki, təhqir etmişəm. Sadəcə hakimlərin otağının yanından keçəndə dedim ki, siz bizim haqqımızı yediniz, Allah bunu götürməz. Çıxıb getmişəm sonra eşidirəm ki, mənə cəza veriblər. AFFA, PFL ilə əlaqə saxladım, sübut da edərəm ki, hakimləri söyməmişəm. Nə üçün belə qərarlar verilib, bilmirəm. Şikayət də etmişdim, amma baxılmadı”.
“Qaradağ Lökbatan” I Liqada sonuncu olub və yeni mövsümdə II Liqada mübarizə aparacaq.
Bizim.Media