İyul ayında Azərbaycan klubları üçün Avrokubok mövsümünə start veriləcək. Təmsilçilərimiz müvafiq olaraq Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında ilk qarşılaşmalarını keçirəcəklər.
Bəs görəsən, komandalar turnirlərdə ev oyunlarını hansı aralarda keçirəcəklər?
Son illərin dəyişməz çempionu olan “Qarabağ” həmişə olduğu kimi Tofiq Bəhramov adına Respublika Stadionundan istifadə edəcək. Bu barədə Bizim.Media-ya klubun mətbuat katibi Anar Hacıyev məlumat verib:
“Həmişə olduğu kimi oyunlarımızı Respublika stadionunda keçirəcəyik. UEFA-ya da məhz bu arenanı sifariş etmişik”.
“Sabah” da Tofiq Bəhramov stadionunda oynayacaq?
Ancaq Avrokuboklar üçün Respublika Stadionunu seçən təkcə “Qarabağ” deyil. Məsələ ondadır ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsində Sloveniyanın “Selye” komandası ilə qarşılaşacaq “Sabah” klubu da bu arenaya ehtiyac duya bilər. Çünki Masazır təmsilçisi ehtiyat arena kimi məhz Respublika stadionunu sifariş edib. Bu barədə məlumat verən “Sabah”ın mətbuat katibi Elnur Həmidov komandanın əsas arena kimi Masazırdakı stadiondan istifadə edəcəklərini bildirib:
“Təbii ki, Avrokuboklarda ev oyunlarını UEFA standartlarına cavab verən Masazırdakı arenada keçirəcəyik. Biz sadəcə olaraq ehtiyat variant kimi Respublika stadionunu seçmişik”.
“Araz Naxçıvan”ın da məkanı bəllidir...
Tarixində ilk dəfə Avrokuboklarda mübarizə aparacaq “Araz Naxçıvan”ın da stadionla bağlı ciddi problemi olmayacaq. Naxçıvandakı stadionun yararsız olmasına görə dogma məkandan uzaq düşən klubun elə ev oyunlarını keçirdiyi Mərdəkandakı “Dalğa Arena” komandanın Yunanıstanın “Aris” klubu ilə görüşlərinə də ev sahibliyi edəcək.
Əslində stadionla bağlı ciddi çətinliyi olan “Zirə” idi.
Çünki komandanın ev oyunlarını keçirdiyi Zirə Olimpiya Kompleksinin stadionu UEFA standartlarına cavab vermir. “Araz Naxçıvan”ın oyunlarına görə komanda “Dalğa Arena” variantından da imtina edib. Müəyyən danışıqlardan sonra “Zirə” rəhbərliyi 8-ci km qəsəbəsində yerləşən “Neftçi Arena” variantı üzərində dayanıb. Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Beləliklə “Zirə”nin Xorvatiyanın “Hayduk” komandası ilə ev oyunu məhz bu arenada baş tutacaq.
Bu arada qeyd edək ki, oyun əvvəlcədən planlaşdırıldığı kimi iyulun 24-ü deyil, bir gün tez olacaq. Səbəb kimi həmin gün Bakıda digər Konfrans Liqası iştirakçısı “Araz-Naxçıvan”ın da ev oyununu keçirməsi göstərilir. UEFA-nın qaydalarına əsasən, eyni turnir çərçivəsində bir şəhərdə eyni gündə iki qarşılaşma keçirilə bilməz. Məhz bu səbəbdən “Zirə”nin oyunu təqvimdə dəyişikliklə üzləşib.
Rəşad Rafiqoğlu, Bizim.Media