Rusiya futbolunda şok hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, Birinci Liqadan Premyer Liqaya yüksəlmiş “Torpedo” klubunun rəhbərliyi rüşvət verməkdə ittiham olunur.
Məlumata görə, klubun həmtəsisçisi Leonid Sobolev və baş direktor Valeri Skorodumov hakimə rüşvət təklif etdiklərinə görə saxlanılıblar. Onlar Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsi (rüşvət vermə) ilə məsuliyyətə cəlb olunublar.
İddiaya əsasən, rəhbər şəxslər 2024/25 mövsümündə 3 oyun üzrə nəticələri “Torpedo”nun lehinə dəyişmək üçün hakim Maksim Perezvaya 6 milyon rubl (təxminən 66 min avro) təklif ediblər. Lakin Perezva bu təklifi qəbul etməyərək hüquq-mühafizə orqanlarına məlumat verib. Bundan sonra həm klubun ofislərində, həm də şübhəlilərin mənzillərində axtarış aparılıb, elektron cihazlar və sənədlər müsadirə olunub.
Hazırda hər iki şəxs istintaqa cəlb olunub və günahları sübuta yetiriləcəyi halda, onları 15 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, “Torpedo” klubu cari mövsümdə Rusiya Birinci Liqasını ikinci pillədə başa vuraraq, Premyer Liqaya vəsiqə qazanmışdı. Lakin yaranmış qalmaqal səbəbindən komandanın yüksək liqada iştirakı da sual altına düşə bilər.
Rəşad Rafiqoğlu, Bizim.Media