Azərbaycan xalqının taleyində müstəsna yer tutan 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Qusar rayonunda bu əlamətdar tarixə həsr olunmuş və gənclər arasında sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə idman yarışları təşkil edilib.
Bizim.Media xəbər verir ki, bu gün Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində qol güləşi və "strict curl" idman növləri üzrə açıq turnir keçirilib.
Yarışda Qusar, Quba, Xaçmaz və Şabran rayonlarını təmsil edən idmançılar öz güclərini sınayıblar.
Müxtəlif çəki dərəcələrində baş tutan turnirdə iştirakçılar güc, çeviklik və texniki bacarıqlarını nümayiş etdiriblər.
Açılış mərasimində çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev və digər natiqlər bu cür yarışların gənclərin fiziki hazırlığının gücləndirilməsi, idmana marağın artırılması və regionlararası əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki rolu, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası barədə də iştirakçılara geniş məlumat verilib.
Turnirin sonunda müxtəlif kateqoriyalar üzrə I, II, III yerlərin qalibləri müəyyən edilərək, diplom və medallarla təltif olunub.
Aytəkin Alxaslı,Bizim.Media, Şimal bürosu