Pentaqon Ukraynaya göndərilməsi nəzərdə tutulan silahların ABŞ-a qaytarılmasına imkan verən yeni qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN dörd məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Məlumata görə, sənəd hələ ötən ay Pentaqonun siyasi idarəsinin rəhbəri Elbric Kolbi tərəfindən imzalanıb.
Kanalın qeyd etdiyinə görə, bu qərar ABŞ-ın azalan silah ehtiyatlarının bərpasına yönəlmiş milyardlarla dolların artıq Ukraynaya göndərilməyəcəyi anlamına gələ bilər.
Yeni qaydalara əsasən, ABŞ Müdafiə Nazirliyi Konqresin maliyyələşdirdiyi Ukraynaya Təhlükəsizlik Yardımı Təşəbbüsü (USAI) çərçivəsində xüsusi olaraq bu ölkə üçün istehsal olunan silahları da geri qaytara bilər.
Xatırladaq ki, USAI proqramı ABŞ Konqresi tərəfindən 2016-cı ildə təsis olunub və Pentaqona silahları birbaşa amerikalı istehsalçılardan alaraq Ukraynaya göndərmək imkanı verir. Bu proqram çərçivəsində Pentaqon öz mövcud ehtiyatlarından silah ayırmır.
CNN-in məlumatına görə, hələlik ABŞ-a geri qaytarılmış hər hansı bir silah tədarükü qeydə alınmayıb.
Lakin mənbələr bildirir ki, bu addım Ukraynanı qarşıdakı aylar və illərdə göndərilməsi planlaşdırılan milyardlarla dollar dəyərində Amerika istehsalı silahlardan məhrum edə bilər. Mənbələrin sözlərinə görə, 2026-cı il üçün təklif olunan müdafiə büdcəsində Ukrayna üçün nəzərdə tutulan 800 milyon dollarlıq silahın bu ölkəyə göndərilib-göndərilməyəcəyi də hələlik qeyri-müəyyəndir. ABŞ Senatı bu vəsaitin ayrılmasını artıq təsdiqləyib.
Qeyd olunur ki, Pentaqonun yeni yanaşması Senatın mövqeyi ilə ziddiyyət təşkil edir.
Belə ki, Senat 2026-cı il üçün hazırlanmış Milli Müdafiə Qanununa (NDAA) yalnız Ukraynaya hələ verilməmiş və artıq ehtiyac duyulmayan silahların geri qaytarılmasına icazə verən müddəa daxil edib. Həmçinin, qanun layihəsinə əsasən, silahların geri alınmasından əvvəl Pentaqon rəhbəri bu barədə Konqresi məlumatlandırmalıdır.
CNN-in məlumatına görə, memorandumda ABŞ-ın silah ehtiyatları üç kateqoriyaya – “qırmızı”, “sarı” və “yaşıl” – bölünüb. “Qırmızı” və “sarı” kateqoriyalara daxil olan silahlar defisit hesab olunur və onların göndərilməsi yalnız müdafiə naziri Pit Hegsetin şəxsi təsdiqi ilə mümkündür.
Bu kateqoriyaya, xüsusilə, Patriot hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulmuş raketlər daxildir. Keçən ay Pentaqonun dayandırdığı silah paketində onlarla belə raket yer alıb, lakin ABŞ prezidenti Donald Tramp bundan xəbər tutduqdan sonra müdafiə nazirinə onların göndərilməsini bərpa etməyi əmr edib.
Bizim.Media