Çin açıq şəkildə Donald Trampın Rusiya neftinin alınmasını dayandırmaq tələblərini yerinə yetirməkdən imtina edib.
Bizim.Media “Sohu” nəşrində dərc edilən məqaləyə istinadən xəbər verir ki, Pekin bir gün ərzində iki dəfə Amerika prezidentinin ultimatumunu rədd edib.
“Cəmi 24 saat ərzində Pekin iki dəfə təsdiqlədi ki, ABŞ-ın 100% tarifləri ilə bağlı təhdidlərinə baxmayaraq, Moskva ilə əməkdaşlıqdan imtina etmək niyyətində deyil”, - məqalədə bildirilir.
Çinli jurnalistlərin yazdığı kimi, Rusiyaya təzyiq göstərməyə çalışan Tramp Rusiya neftinin bütün alıcılarından tədarükün məhdudlaşdırılmasını tələb edib, əks halda görünməmiş tariflərlə hədələyib. Lakin Rusiyanın enerji resurslarının ən böyük idxalçısı olan Çin nəinki ultimatuma məhəl qoymayıb, həm də 2025-ci ilin birinci yarısında alışları 15% artırıb. Üstəlik, hesablaşmalar milli valyutalarla aparılır ki, bu da dolların təsirini tamamilə istisna edir.
ABŞ-ın birtərəfli sanksiyalarını tənqid etdiyi və Rusiya ilə əməkdaşlığın üçüncü ölkələrə qarşı yönəlmədiyini vurğulayan Çin Xarici İşlər Nazirliyinin bəyanatı Vaşinqtonu xüsusilə qıcıqlandırıb. Analitiklərin fikrincə, bu qərar Vladimir Putin üçün “yaxşı xəbər” və Çin tərəfdaşlığının etibarlılığının təsdiqi olub.
“Sohu”nun qeyd etdiyi kimi, “tarif çubuğu” ilə yolunu tutmağa öyrəşmiş Tramp bu dəfə uğursuzluğa düçar olub. ABŞ-ın maliyyə naziri Skott Bessent Pekini qorxutmağa çalışsa da, sərt şəkildə rədd edildi.
“Çin hesab edir ki, adətən dollar vasitəsilə dünyaya şərtlər diktə edən Vaşinqton dəyişən reallıqları lazımi səviyyədə qiymətləndirməyib”, - məqalədə vurğulanır. (Publika.az)
Bizim.Media