Bavariya polisi Almaniyada “Reyx vətəndaşları” (“Reichsbürger”) adlı ekstremist hərəkatın üç şübhəli üzvünü saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə federal əyalətin hüquq-mühafizə orqanlarının yaydığı bəyanatda bildirilib.
Saxlanılan şəxslər terror təşkilatına üzv olmaqda və ölkədə dövlət quruluşunu zorakılıq yolu ilə devirməyə cəhd göstərməkdə şübhəli bilinirlər.
Əməliyyat çərçivəsində axtarışlar Bavariyada – Forxhaym və Nürenberqerlend dairələrində, Saksoniyada – Rudnı dağları və Xemnits bölgələrində, həmçinin Türingiyada – Ayxsfeld rayonunda aparılıb.
Polisin məlumatına görə, saxlanılan üç nəfər və onlarla əlaqəli digər şəxslər 2022-ci ilin aprelində Bavariyanın Yuxarı Frankoniya bölgəsində, Bayroyt yaxınlığındakı keçmiş Bundesver atıcılıq poliqonunda tapança və uzunlüləli silahlarla atıcılıq təlimlərində iştirak ediblər.
İstintaq bu təlimlərin Almaniya parlamenti – Bundestaqa mümkün hücum planının bir hissəsi olduğunu ehtimal edir. Ümumilikdə altı nəfərin – beş kişi və bir qadının (yaşları 40-dan 61-ə qədər) əməlləri araşdırılır.
Üç şübhəli barəsində hələ axtarışlar başlamazdan əvvəl həbs qətimkan tədbiri seçilib.
Axtarışlar zamanı silah qanunvericiliyinə tabe olan əşyalar və məlumatdaşıyıcı qurğular müsadirə olunub.
Əməliyyata ümumilikdə 300-ə yaxın polis əməkdaşı cəlb edilib.
Qeyd edək ki, hazırda Almaniyada “Reyx vətəndaşları” hərəkatının üzvlərinə qarşı dövlət çevrilişinə hazırlıqla bağlı üç əsas məhkəmə prosesi davam edir.
Bizim.Media