Çin Çikungunya virusuna görə COVID-19 məhdudiyyətlərini yenidən tətbiq etməyə başlayıb.
Bizim.Media “Daily Mail”ə istinadən xəbər verir ki, bu ölkədə 10 mindən çox Çikungunya virusuna yoluxma hadisəsi qeydə alınıb. Onlardan 7 mini iyulda olub.
Nəşrin məlumatına görə, Quanqdonq əyalətinin Foşan şəhərində virusa 7 min yoluxma hadisəsi qeydə alınıb.
Yağışlar və havaların isti keçməsi səbəbindən orada infeksiya daşıyıcısı olan ağcaqanadların aktiv şəkildə çoxaldığı, amma ölənlərin olmadığı bildirilir.
Bu səbəbdən də əyalət səlahiyyətliləri, COVID-19 pandemiyası zamanı mövcud olan bəzi məhdudiyyətləri tətbiq etmək barədə qərar verib. Sakinlər yenidən maska taxmağa başlayıb.
Digər əyalətlərin bəzi şəhərləri Foşandan gələnlərə məhdudiyyətlər qoyub.
Qeyd edilir ki, Çikungunya virusu yoluxmuş ağcaqanadların insanları dişləməsi ilə ötürülür.
Virus insandan insana keçmir.
Simptomlara gəlincə, virusa yoluxanlarda temperaturun 40 dərəcəyə qədər yüksəlməsi, baş ağrıları, oynaqlarda və əzələlərdə şiddətli ağrılar, ürəkbulanma, zəiflik, səpgilər müşahidə olunur.
“Corona 2.0” adlandırılan bu xəstəliyin əlamətləri yoluxan andan bir həftə müddətində özünü biruzə verir.
Bizim.Media