ABŞ Prezidenti Donald Tramp 2028-ci ildə keçiriləcək prezident seçkilərində vitse-prezident Cey Di Vensi öz mümkün varisi adlandırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Tramp çərşənbə axşamı Ağ Evdə jurnalistlərlə söhbətində bu barədə danışıb.
"Fikrimcə, bu ehtimal daha yüksəkdir. Axı o, vitse-prezidentdir", – deyə ABŞ lideri bildirib.
Tramp həmçinin, 2028-ci il seçkilərində Vensin mümkün tərəfdaşı kimi Marko Rubionun adını çəkib. Hazırda Rubio ABŞ-ın dövlət katibi – prezidentin milli təhlükəsizlik üzrə müvəqqəti müşaviridir. "Düşünürəm ki, Rubio Venslə müəyyən formada birlikdə hərəkət edəcək biri ola bilər", – deyə Tramp qeyd edib.
“Hazırda bu barədə danışmaq üçün, əlbəttə, çox tezdir. Amma o (Vens – red.) işini əla görür və bu mərhələdə o, böyük ehtimalla favorit ola bilər”, – deyə Tramp əlavə edib.
Qeyd edək ki, ABŞ Konstitusiyasına görə, eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz. Tramp 2017–2021-ci illərdə prezident olub.
Buna baxmayaraq, o, dəfələrlə müəyyən şərtlər daxilində üçüncü dəfə prezidentliyə namizəd ola biləcəyini istisna etmədiyini bəyan edib.
Trampın partiyadaşlarından olan Nümayəndələr Palatasının spikeri Mayk Conson bu ilin yazında bildirmişdi ki, belə bir ssenari yalnız konstitusiyaya dəyişiklik edilməklə mümkün ola bilər.
Bizim.Media