ABŞ Prezidenti Donald Tramp görünür, Rusiyaya qarşı iqtisadi təzyiqləri artırmaq məsələsində əvvəlki ehtiyatlılığını aradan qaldırmağa başlayır. Lakin əsas sual budur: yeni sanksiyalar nə dərəcədə effektiv olacaq?
Bizim.Media xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalında analitik Nikolas Fenton yazıb.
Tramp bu bazar ertəsi bəyan edib ki, Moskvanın müharibənin dayandırılması üçün real irəliləyiş nümayiş etdirməsi üçün bir neçə gün vaxt verəcək.
Əgər bu baş verməzsə, ABŞ əlavə sanksiyalar və bəlkə də gömrük rüsumları tətbiq edə bilər. Bu bəyanat Rusiya ilə Ukrayna arasında döyüşlərin intensivləşdiyi və danışıqlar prosesinin tıxandığı bir dövrə təsadüf edir.
Foreign Policy qeyd edir ki, əgər ABŞ-ın məqsədi qısa müddətdə sülhə nail olmaqdırsa, mövcud sanksiyalarla kifayətlənmək mümkün deyil. Məqalədə vurğulanır ki, beynəlxalq təzyiqlərə baxmayaraq, Rusiya hələ də yüksək döyüş qabiliyyətini qoruyur və mövcud proqnozlara görə, ən azı daha üç il müharibəni davam etdirə bilər.
“Son üç il yarımda analitiklər Rusiyanın iqtisadi dayanıqlığını ardıcıl olaraq düzgün qiymətləndirməyiblər, – deyə materialda bildirilir. – Moskva təkcə iqtisadi fəallığı saxlamaqla kifayətlənməyib, həm də iqtisadiyyatını uğurla hərbi rejimə keçirməyə nail olub”.
Nikolas Fentonun fikrincə, sanksiyaların qeyri-effektiv olduğunu demək səhv olardı, lakin onların təsiri daha incə və hədəfli yanaşma tələb edir. Rusiyanın davamlılığının səbəblərindən biri də ideoloji səfərbərlikdir – əhali təkcə maddi səbəblərlə deyil, inanc və təbliğatla da müharibəyə cəlb olunub.
Bundan əlavə, Kreml cəmiyyətin dəstəyini qorumaq və əvvəlki səyləri əsaslandırmaq üçün Ukraynada “gözəçarpan bir qələbəyə” ehtiyac duyur.
Əgər bu baş verməsə, Fentonun fikrincə, “mövcud sistem çox tez bir zamanda çökə bilər”.
Foreign Policy-nin analitiki belə nəticəyə gəlir ki, Rusiyanın sistemində zəif bəndlər var və Vaşinqton sanksiyaları sadəcə artırmaqla deyil, onları strateji cəhətdən düzgün hədəfləməklə daha böyük təsirə nail ola bilər. Yalnız bu halda sanksiyalar müharibənin taleyində həlledici rol oynaya bilər.
Bizim.Media