Çinin Quanqdonq (Guangdong) vilayətində iyul ayından bəri 7000-dən çox insan "çikungunya" virusuna yoluxub.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, virusun sürətlə yayılması fonunda yerli hakimiyyət orqanları COVID-19 pandemiyası dövründə tətbiq edilən qaydalara bənzər məhdudiyyətlər tətbiq edib.
Məlumata görə, Çikungunya virusu yoluxmuş ağcaqanadların dişləməsi nəticəsində yayılır. Yoluxan şəxslər mütləq şəkildə xəstəxanada qalmalıdır və yalnız test nəticəsi mənfi çıxarsa və ya xəstəxanada bir həftə keçirdikdən sonra evə buraxıla bilərlər.
Virus yüksək hərarət və güclü oynaq ağrıları ilə müşayiət olunur. Bu ağrılar bəzən illərlə davam edə bilər. Xəstəlik insanlar arasında birbaşa keçmir, yalnız yoluxmuş şəxsi dişləyən və sonradan başqasını dişləyən ağcaqanad vasitəsilə yayılır.
Yoluxma halları Quanqdonqun cənubundakı azı 12 şəhərdə qeydə alınıb. Təkcə son bir həftədə 3000-ə yaxın yeni yoluxma faktı aşkarlanıb.
Çində bu virus nadir hallarda müşahidə olunur. Çikungunya əsasən Cənubi və Cənub-Şərqi Asiyada, eləcə də Afrikanın bəzi bölgələrində geniş yayılıb.
Qeyd edək ki, virusun yayılması Çin ictimaiyyətində narahatlıq yaradıb, çünki əhali arasında bu virus haqqında məlumat azdır. Tətbiq edilən məhdudiyyətlər isə bəzi vətəndaşlar tərəfindən COVID-19 dövrü ilə müqayisə olunur.
Bizim.Media