ABŞ Prezidenti Donald Trampın müharibəni dayandırmaq üçün Rusiyaya verdiyi 12 günlük möhlət avqustun 8-də bitir.
Həmin gün yaxınlaşsa da, hələlik Rusiya cəbhə xəttində döyüşləri davam etdirməkdə israrlı görünür. Bununla yanaşı, Kreml rəsmiləri tərəfindən danışıqlara hazır olduqları barədə müəyyən fikirlər də səslənməkdədir.
Bu xüsusda əsasən də Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov daha çox aktivlik nümayiş etdirir. Belə ki, Peskov son açıqlamasında Putinin Zelenski ilə görüşünü istisna etmədiyini, ancaq bunun ekspertlər səviyyəsində lazımi işlər görüldükdən və lazımi yol qət edildikdən sonra baş verə biləcəyini deyib. Onun sözlərinə görə, bu iş “hələ görülməyib”.
Hər halda, görünən odur ki, Trampın təhdidlərindən sonra Kreml Putinin Zelenski ilə görüşə hazır olduğunu elan edir.
Görəsən Rusiya qeyri-legitim hesab etdiyi Zelenski ilə masa arxasına oturacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Kreml sözçüsü Peskovun Putinin Zelenski ilə görüşə hazır olduğu barədə açıqlaması ilk baxışda konstruktiv diplomatiyaya çağırış kimi səslənsə də, əslində bu, klassik rus diplomatik oyunlarının davamıdır:
“Rusiya uzun müddətdir ki, Zelenskini legitim lider kimi tanımadığını bəyan edir. İndi birdən-birə ounla masa arxasına oturmaq çağırışı ya ritorik manevrdir, ya da Trampın nüvə ritorikasından doğan taktiki yumşalmadır.
Bu cür mesajlar beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və Rusiyanı sülhə meyilli aktor kimi təqdim etmək məqsədi daşıyır. Kreml anlayır ki, Ukrayna ilə savaş uzandıqca həm iqtisadi, həm də siyasi baxımdan tükənməyə doğru gedir.
Amma eyni zamanda onlar bilir ki, Zelenski ilə birbaşa görüş onların “qeyri-legitimlik” arqumentini alt-üst edəcək. Rusiya Krımı və Donbası müzakirə predmetinə çevirmək istəmir.
Zelenski isə geri addım atmaq niyyətində deyil. Bu, əslində “vaxt udmaq” deyil, “status-kvonu qorumaq üçün diplomatik teatr”a bənzəyir”.
Politoloq deyir ki, Peskovun açıqlaması içində səmimiyyət olmayan diplomatik jestdir:
“Unutmayaq ki, 2024-cü ildən sonra dünya siyasətində yeni konfiqurasiyalar yaranır və Kreml bunlara uyğun mövqe axtarır. Trampın gələcəyi, Avropa Birliyinin parçalanma əlamətləri və NATO daxilindəki fikir ayrılıqları Rusiya üçün yeni imkan pəncərələri yaradır.
Peskovun açıqlaması da bu pəncərəyə baxaraq edilən, lakin içində səmimiyyət olmayan diplomatik jestdir. Bu görüş çağırışı sülhə yönəlməyib, daha çox informasiya cəbhəsində yeni “silah”dır”.
Rüfət Sultan, Bizim.Media