Rusiya Prezidenti Vladimir Putinin Moskva vilayətində Novo-Oqarevodakı iqamətgahının yaxınlığında özünü şübhəli aparan şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “IA Regnum” portalı yayıb.
Həmin şəxsin saxlanılmasına səbəb onun körpü üzərində dayanaraq qarğalara əlini yelləməsi olub.
Bildirilib ki, patrul xidməti həyata keçirən əməkdaşlar bir gəncin meşədə gəzdiyini və “qəribə davranışlar sərgilədiyini” müşahidə ediblər.
Belə ki, onlar gənci saxlayaraq sorğu-sual ediblər. Məlum olub ki, həmin şəxs 21 yaşlı Moskva sakinidir. Bununla belə, onun adı və soyadı açıqlanmayıb.
“Sergey (ad şərtidir – red.) Novo-Oqarevoya Moskvadan elektrik qatarı ilə gəlib, Usovo stansiyasında düşüb və qonşu Bolşoe Sarayevo kəndində yerləşən evinə qədər yolunu qısaltmaq üçün meşə ilə getməyə qərar verib. O, körpüdən keçərkən qarğaları görüb və onlara əlini yelləmək üçün dayanıb”, - deyə mənbə bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ona mühafizə olunan dövlət obyektinin ərazisində olduğunu və buna görə də davranışlarının diqqət çəkdiyini izah ediblər.
Daha sonradan onun hər hansı qanunazidd hərəkət planlaşdırılmadığı aydın olduqda sərbəst buraxılıb.
Bizim.Media