ABŞ Prezidenti Donald Trampın əmri ilə əvvəlcədən yerini dəyişmiş iki atom sualtı qayığı artıq təyin olunmuş regiona çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Nyu-Cersi ştatının Bedminster şəhərindən Vaşinqtona uçmazdan əvvəl jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Onlar artıq lazım olan yerdədirlər”, – deyə Tramp qeyd edib.
Daha əvvəl Newsmax telekanalına verdiyi müsahibədə Tramp bu sualtı qayıqların Rusiyaya daha yaxın yerləşdiriləcəyini bildirmiş, lakin onların dəqiq mövqeyini açıqlamaqdan imtina etmişdi. Ağ Evin rəhbəri bu addımı Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin kəskin açıqlamalarına cavab olaraq atdığını bildirmişdi.
Qeyd edək ki, Medvedev iyulun 28-də “X” sosial şəbəkəsində Trampı Rusiyaya hədə-qorxu gəlməməyə çağırmış və ultimatumların müharibəyə aparan yol olduğunu bəyan etmişdi. O, iyulun 31-də Trampın Rusiya iqtisadiyyatı ilə bağlı sözlərini şərh edərək nüvə ideyasını da gündəmə gətirmişdi.
Bizim.Media