Nikaraqua rəhbərliyi – prezident Daniel Ortega və vitse-prezident, eyni zamanda həyat yoldaşı Rosario Murillo Rusiya prezidenti Vladimir Putinə ünvanladıqları məktubda, Rusiyanın Ukraynadakı “neonasizmə qarşı mübarizəsinə” dəstək ifadə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RIA Novosti” agentliyi yayıb.
Məktubda deyilir: "Nikaraqua hökuməti və xalqı NATO tərəfindən dəstəklənən ukraynalı “neonasistlərə” qarşı apardığınız qəhrəman mübarizəni qətiyyətlə tanıyır və dəstəkləyir. Rus xalqının və bütün dünyanın sülhü uğrunda öz yaxınlarını qurban verən rus ailələri ilə həmrəyliyimizi ifadə edirik."
Daniel Ortega və Rosario Murillo həmçinin Rusiya Federasiyasının “faşizmə qarşı mübarizədə” qalib gələcəyinə inandıqlarını bildiriblər. Onların fikrincə, bu mübarizədə Rusiyanın qələbəsi “bütün bəşəriyyətin qələbəsi” olacaq.
Bundan əlavə, Nikaraqua rəhbərliyi Donetsk və Luqansk "respublikalarını", eləcə də Xerson və Zaporojye vilayətlərini Rusiya Federasiyasının ayrılmaz hissəsi kimi tam şəkildə tanıdıqlarını, onlara dəstək olduqlarını və bütün rus xalqına rifah və çiçəklənmə arzuladıqlarını bəyan ediblər.
Qeyd edək ki, bu bəyanat, sadəcə siyasi mövqe deyil — həm də tarixi, mənəvi və beynəlxalq hüquq baxımından rüsvayçı bir nankorluq nümunəsidir.
Çünki tarixdən bəllidir ki, 1980-ci illərdə Nikaraqua ABŞ tərəfindən ciddi təzyiqlərlə üzləşərkən, Sovet İttifaqı və onun vasitəsilə Ukrayna bu Latın Amerikası ölkəsinə müxtəlif sahələrdə yardım göstərmişdi. SSRİ tərkibində olan Ukrayna xalqı Nikaraquaya ərzaq, texnika və tibbi dəstək göndərmiş, həmrəylik nümayiş etdirmişdi.
Bu gün isə həmin ölkə — ərazi bütövlüyü və müstəqilliyi kobud şəkildə pozulmuş, yüz minlərlə vətəndaşı qətlə yetirilmiş və milyondan çox insanı qaçqın vəziyyətinə salınmış Ukrayna nankorcasına Nikaraqua tərəfindən satılır.
Yeri gəlmişkən, Nikaraquanın bu açıqlaması BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və ümumiyyətlə beynəlxalq hüququn prinsiplərinə açıq şəkildə ziddir. Heç bir ölkənin başqa bir ölkənin ərazisini zorla ələ keçirməsinə haqq qazandırmaq olmaz — xüsusilə bunu "sülh naminə" adlandırmaq, təcavüzü təsdiq etmək deməkdir.
Nikaraqua bu mövqeyi ilə təkcə Ukraynanın yox, bütün beynəlxalq hüququn əsas sütunlarını sarsıdır. Bu gün Ukrayna, sabah isə başqa bir zəif ölkə hədəf ola bilər. Bu yanaşma əslində, özünü də təhlükəyə atmaqdır.
Hər kəsə bəllidir ki, Kremlin Ukraynada apardığı müharibə, minlərlə dinc sakinin həyatına son qoyub, şəhərləri yerlə-yeksan edib. Bu zorakılığın fonunda “neonasizmlə mübarizə” arqumenti sadəcə bir təbliğat şüarı olaraq istifadə olunur. Nikaraqua rəhbərliyi bu saxta ritorikaya şərik olmaqla, əslində müasir dövrün siyasi faşizminə ideoloji don geyindirir.
Bizim.Media