Son aylarda Rusiyanın bəzi ekspert və jurnalistlərinin Azərbaycan əleyhinə çıxışları ictimai qıcıq doğurur. Qarabağ mövzusu ilə bağlı qərəzli açıqlamalar, tarixi həqiqətlərin təhrif edilməsi və açıq-aşkar təxribat xarakterli müzakirələr artıq insanların səbr kasasını doldurub. Çünki burada məsələ medianın söz azadlığında deyil, başqa bir ölkədən yayılan siyasi təxribatdadır. Bu verilişlərin məqsədi real müzakirə yox, cəmiyyətdə psixoloji təsir yaratmaq, qarşı tərəfi gözdən salmaqdır.
Rusiya kanallarının bağlanması cəmiyyətdə necə qarşılanar?
Siyasi şərhçi Aydın Quliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, qərəzli Rusiya kanallarının bloklanmasını Azərbaycan ictimaiyyəti yalnız alqışlayar. Bununla bağlı Azərbaycan cəmiyyətində ziddiyyətli fikir yoxdur.
“Rusiya media mənsublarının qərəzli çıxışları Azərbaycanda əsaslı narazılıq yaradır. Başqa cür ola da bilməz. Bütün qərəz arsenalı ilə Azərbaycana qara yaxan Rusiya mediasına Azərbaycanda başqa necə münasibət formalaşa bilər?! Şuşa media forumunda iştiraka görə Qusmanı və Markovu xəyanətkar kimi cəzalandırmaq çağırışı edən rus blogerlərin başdan ayağa qərəz içində olduqlarına söz yoxdur. Halbuki bu şəxslər hər şeydən öncə öz peşə maraqlarına sadiqlik göstəriblər.”
Azərbaycana qarşı qara kampaniya siyasi sifarişdir
Siyasi şərhçi deyir ki, Rusiya mediasının Azərbaycana qarşı qara kampaniyası siyasi sifarişə bağlıdır. Bu qara kampaniya Rusiyanın Azərbaycanda onsuz da korlanmış nüfuzunu sonadək məhv edir:
“Qara media kampaniyası Rusiyanın Azərbaycanla müttəfiqlik sənədlərini adi kağız parçasına çevirir. Qərəzli Rusiya mediasına qarşı Azərbaycanda sərt əks tədbirlər görməyin vaxtı çatıb. Lakin hər şey dövlətimizin qərarlarına bağlı olacaq”.
Aydın Quliyev qeyd edib ki, Rusiya mediasının Azərbaycana böyük mənəvi və peşə borcu var. Otuz ildən çox davam etmiş erməni işğalı dövründə Azərbaycan dövləti və mediası Rusiyaya qarşı heç bir çağırış etmədi. Azərbaycan mediası çox təmkinli davrandı. Rusiyada Azərbaycan xalqının haqq mənafeyini bir ovuc erməni şovinistinə qurban verməyə son qoyacaqlarını gözlədi. Lakin təəssüf ki, Rusiya hakimiyyəti və mediası obyektiv olmağı bacarmadı.
Şəfiqə Şəfa, Bizim.Media