Rusiya uzun illər regionda hakimiyyət vasitəçisi kimi çıxış edərək, münaqişələri uzatmaq və Cənubi Qafqazdakı cənub qonşularını təcrid vəziyyətində saxlamaq üçün öz mövqeyindən istifadə edib. Hazırda isə Ermənistan və Azərbaycan Rusiya hökmranlığının boyunduruğunu atır və ABŞ-ın prioritetlərinə uyğun müstəqil siyasətə üz tutur.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Respublikaçı senatoru Stiv Deynsin “The Wall Street Journal” qəzetində dərc olunan məqaləsində qeyd olunur.
“Cənubi Qafqaz artıq öz gələcəyini özü müəyyənləşdirəcək və bu gələcəyin mərkəzində təkcə regionda deyil, ondan kənarda da firavanlıq üçün əsas yarada biləcək Vaşinqtonla tərəfdaşlıq dayanacaq”, – deyə Deyns vurğulayıb.
Senator qeyd edir ki, “Orta dəhliz”in coğrafiyası ona unikal strateji və iqtisadi əhəmiyyət qazandırır:
“İran və Rusiya kimi ABŞ-a düşmən olan ölkələr arasında yerləşən bu marşrut Mərkəzi Asiyadan Qərblə ticarətin heç bir maneə olmadan həyata keçirilə biləcəyi yeganə quru yoludur.
Bu regionu təşkil edən beş ölkə – Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan – birlikdə neft, təbii qaz, kömür, uran və digər strateji resurslar baxımından zəngin ehtiyatlara sahibdirlər”.
Deyns əlavə edib ki, Tramp administrasiyasının iradəsi iki ölkə – Azərbaycan və Ermənistan üçün tarixi fürsət yaradıb:
“Hazırda razılaşdırılma mərhələsində olan saziş geosiyasətin gedişatını elə bir şəkildə dəyişəcək ki, bu, təkcə Cənubi Qafqaz və Mərkəzi Asiya üçün deyil, həm də ABŞ və onun müttəfiqləri üçün onilliklər boyu faydalı olacaq.
Regionda və bütün dünyada sülh və sabitlik naminə Ermənistan və Azərbaycan liderləri bu sazişi təxirə salmadan imzalamalıdır”.
Senator həmçinin 2024-cü il iyulun 24-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdən sonra bildirib ki, İsrail və Azərbaycanın münasibətlərinin gücləndirilməsi İranın yaratdığı təhlükələrə qarşı və ABŞ-ın milli təhlükəsizliyi baxımından həlledici əhəmiyyətə malikdir.
Qeyd edək ki, bu mövqe Vaşinqtonun Cənubi Qafqazda artan fəallığını və Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti bir daha ortaya qoyur.
Bizim.Media