İran prezidenti Məsud Pezeşkianın qonşu ölkələr, eləcə də Cənubi Qafqazla bağlı son çıxışı, regional siyasətdə yeni yanaşma olsa da, əslində müəyyən çevrələr üçün həyəcan siqnalı oldu. Qonşu dövlətlərlə balanslı münasibət və tərəfdaşlıqdan söz açan Azərbaycan əsilli prezidentin Ermənistanın adını çəkməməsi İran ermənilərinin etirazına səbəb olub.
MÖVZU İLƏ BAĞLI
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Dərhal əlinə qələm alan, klaviatura arxasına keçən erməni icmasının nümayəndələri prezidentin çıxışına qarşı açıq etiraz bəyanatları səsləndirməyə başlayıblar. “Cənab prezident, Ermənistan İranın qonşusu deyil?” kimi uşaq incikliyi ilə İranın yeganə xristian qonşusu olduğunu və əvvəlki dövlət rəhbərlərinin Ermənistanla yaxşı münasibətini xatırladıblar.
Bu xatırlatma əslində təsadüfi deyil.
Çünki İran prezidentləri arasında ilk dəfə Pezeşkian İranın maraqlarını Ermənistanın xeyrinə olan birtərəfli siyasətdən daha hərtərəfli yanaşmaya yönəltməyə çalışır. Azərbaycanla münasibətlərin daha da yaxınlaşmasına müsbət yanaşan prezidentin sözləri və təbii ki Azərbaycan Respublikasına hər səfərində xoş qarşılanıb, Prezident İlham Əliyevlə səmimiyyəti erməni lobbisini ciddi narahat edib.
Bu narahatlıq təkcə ermənilərin gecəsini gündüzünə qatmayıb, elə bəzi farslar da tikan üstündədirlər. Azərbaycan əsilli prezidenti və onun soydaşlarını hər cür vasitəylə gözdən salmağa, gülüş hədəfinə çevirməyə çalışırlar, amma qazdıqları quyu da özlərinə qismət olur.
Sosial şəbəkələrdə Pezeşkianın və ümumilikdə Azərbaycan türklərinin təhqir edildiyi karikaturaları nəzərdə tuturam. Həmin karikaturada Prezident Məsud Pezeşkian üzərinə “birlik” yazılmış uzunqulağı tərsinə minmiş vəziyyətdə göstərilirdi.
Həmin kampaniya süni şəkildə qızışdırılmış, etnik qarşıdurma ab-havası yaradılmağa çalışılmışdı. Yeri gəlmişkən, Tehran Prokurorluğu karikaturanı çəkən iranlı rəssam Hadi Heydəri barəsində artıq cinayət işi açıb.
İndiki etirazlar həmin karikaturanın yazılı və ya səsli davamı kimi görünür: “tamaşa”nın məqsədi Pezeşkianın imicinə zərbə vurmaq və Azərbaycanla yaxınlaşmanın qarşısını almaqdır.
Bu “tamaşanın” rejissorları kimlərdir?
Əlbəttə baş rejissor olaraq alqış üçün özünü səhnəyə dürtüşdürən erməni lobbisi! İranın Ermənistanla ənənəvi yaxınlığını qorumaq və yeni siyasi kursa qarşı müqavimət göstərmək üçün bütün təsir imkanlarından istifadə edirlər.
Yardımçı rejissorlar – radikal fars dairələri! Həm yuxarıda göstərilən səbəbdən, həm də Güney Azərbaycan türklərinin nüfuzunun, həmçinin arxayınlığının artmasından narahat olan millətçi qruplar belə kampaniyaları dəstəkləyirlər.
Digər tərəfdən Zəngəzur dəhlizinin açılması fikrindən günü qara olmuş millətçi farslar hər vəchlə buna qarşı çıxmağın yollarını axtarırlar.
İranın siyasi elitasının mövqeyini əks etdirən “The Tehran Times” iddia edir ki, Zəngəzur dəhlizi qeyri-qanuni marşrutdur və onun bərpası bölgəni xaosa sürükləyə bilər. Məqalədə vurğulanır ki, İran bu layihəyə qətiyyətlə qarşı çıxır, çünki bu dəhlizin gerçəkləşməsi İranın Cənubi Qafqazda mövqelərini zəiflədə, Rusiyanı quru blokadaya sala və nəticədə İran daxilində separatizmi gücləndirə bilər.
Və ən nəhayətində xarici qüvvələr – İran daxilində baş verən bu etirazları şişirdərək regionda gərginliyi artırmaq istəyirlər. Dişləri iğtişaşa susamış bu “canavar”lara yeni konflikt ocağı lazımdır ki, burada da öz güclərini və “istedad”larını göstərsinlər.
Bəs niyə məhz indi?
Çünki Cənubi Qafqazda vəziyyət dəyişib. İndi Azərbaycan öz torpaqlarına sahib çıxmış güclü, iqtisadiyyatı stabil, dünyada nüfuzu artmış dövlətdir. Türkiyə kimi böyük bir dövlət açıq şəkildə Azərbaycana dəstəyini göstərir və türk birliyi ilə qürur duyur.
Digər türk dövlətləri də artıq Azərbaycanla çiyin-çiyinə dayanır. Rusiya zəifləyir, gücünü və nüfuzunu itirir.
Başqa sözlə, Qafqazda güc balansı dəyişib. Təkcə İranı yox, həm də 40 milyon Azərbaycan türkünü də təmsil edən Pezeşkian da ən real yolun Azərbaycanla dostluq, dialoq və iqtisadi əməkdaşlıqdan keçdiyini görür.
Amma bu dəyişiklik klassik “təsir qüvvələri”nin xoşuna gəlmir. Ona görə də hələ ki çıxış yolunu isterikada görürlər.
Təəccüblü deyil – ənənəvi erməni vay-şüvəni və əlbəttə səhnədə erməni icması görünsə də, kulisdə əsrlərdir sönməyən fars nifrəti... Ən maraqlısı isə odur ki, bu dəfə səhnədəkilərdən çox, tamaşaçıların – Azərbaycan sevərlərin səsi daha çox eşidilir.
Şəfiqə Şəfa, Bizim Media