Çinin Hunan əyalətinin Yueyan şəhərində barbekü aşpazları üçün ilk kollec açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə China Daily portalı məlumat yayıb.
Bu şəhər barbekü (kabab) məkanları ilə məşhurdur və barbekü hazırlamaq üzrə kulinariya ənənəsi ilə tanınır. Burada 2 mindən çox kababxana fəaliyyət göstərir. Kollec Yueyan Açıq Universitetinin tərkibində yaradılıb.
Layihə yerli hökumət və Yueyan Barbekü Assosiasiyasının iştirakı ilə həyata keçirilib. Əsas məqsəd bu sahədə peşəni standartlaşdırmaq, vahid kadr hazırlığı sistemi yaratmaq və regionun iqtisadiyyatını gücləndirməkdir.
Yerli hakimiyyət ümid edir ki, universitet yerli kabab biznesini tam hüquqlu istehsal zəncirinə çevirəcək. Bildirilir ki, ictimai iaşə sahəsi Yueyana ildə 2 milyard yuan gəlir gətirir və təxminən 50 min nəfəri işlə təmin edir.
Kollecdə həm yeni başlayanlar, həm də artıq bu sahədə çalışan peşəkarlar üçün tədris nəzərdə tutulur. 2025-ci ildə gündüz təhsil formasında 3 illik proqram üzrə 50–100 tələbənin qəbul ediləcəyi gözlənilir. Eyni zamanda, tələbələrə dövlət hesabına qısa müddətli kabab ustalığı kursları da təklif olunacaq.
Tədris proqramı iki əsas kursdan ibarətdir: birində tələbələr kabab bişirməyin sirlərini
öyrənəcək, digərində isə kabab biznesinin idarə olunması tədris ediləcək. Tələbələr 50 yerli müəssisədə təcrübə keçmək imkanı əldə edəcəklər.
Bizim.Media