İndoneziya sahillərində turistləri daşıyan sərnişin bərəsində yanğın baş verib. Hadisə nəticəsində təlaşa düşən sərnişinlər canlarını qurtarmaq üçün bəziləri birbaşa dənizə tullanmalı olublar.
Bizim.Media “Mail Online” nəşrinə istinadən xəbər verir ki, "KM Barcelona VA" adlı bərə Talaud arxipelaqından Sulavesi adasındakı Manado şəhərinə doğru hərəkət edirmiş. Sərnişinlər əsasən yerli və əcnəbi turistlər olub. Ümumilikdə gəmidə 280 nəfərin olduğu bildirilir.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə zamanı alov bərənin bir neçə hissəsini əhatə edib və tüstü güclü olub. Ekipajın dərhal təxliyə planını işə saldığı, sərnişinlərin əksəriyyətinin xilasetmə jiletləri ilə dənizə tullandığı qeyd olunur.
Yerli xilasedici qruplar və sahil mühafizəsi dərhal hadisə yerinə cəlb olunub. Hələlik xəsarət alan və ya itkin düşənlərlə bağlı rəsmi məlumat yoxdur. Axtarış-xilasetmə işləri davam edir.
İndoneziya hakimiyyəti insidentin səbəblərini araşdırmaq üçün istintaqa başlayıb. Bərədə texniki nasazlıq və ya təhlükəsizlik qaydalarının pozulması ehtimal olunur. Yanğınsöndürənlər hadisə yerində alovu nəzarət altına almağa çalışırlar.
Bizim.Media