2025-cü il iyulun 17-də Fransa Seneqaldakı sonuncu hərbi bazalarını rəsmi olaraq bu ölkənin nəzarətinə təhvil verib. Bununla da Fransa ordusunun Qərbi və Mərkəzi Afrikada daimi hərbi mövcudluğu faktiki olaraq sona çatıb.
Bizim.Media xəbər verir ki, bu hadisə, Parisin Afrikadakı postkolonial təsirinin daha bir mühüm dayağının çökməsi kimi qiymətləndirilir.
Xatırladaq ki, Seneqal Fransanın Afrikadakı ilk müstəmləkələrindən biri olub. Fransa 1659-cu ildə burada yerləşən Sen-Lui (Saint-Louis) şəhərində ilk istehkamını quraraq bölgədə hərbi və ticarət mövqelərini gücləndirmişdi.
1860-cı illərdən etibarən bu torpaqlar tam şəkildə Fransanın kolonial idarəsinə keçdi və Seneqal uzun illər ərzində Fransa Qərbi Afrikasının (Afrique-Occidentale française) inzibati mərkəzlərindən birinə çevrildi.
1960-cı ildə Seneqal rəsmi olaraq müstəqillik qazansa da, Paris ilə olan hərbi və siyasi münasibətlər kəsilmədi. Əksinə, Fransa burada öz hərbi bazalarını saxladı, Seneqal ordusunun hazırlanmasında iştirak etdi, kəşfiyyat əməkdaşlığı qurdu və siyasi elitaya güclü təsir göstərdi.
Seneqaldakı bu daimi mövcudluq – Fransa üçün həm simvolik, həm də strateji idi. Qərbi Afrikada Fransa təsirinin son qalası hesab edilən bu ölkə, regiondakı digər "frankofon" dövlətlərdəki çevrilişlərdən sonra Parisin son dayaq nöqtəsi kimi görünürdü.
Niyə Fransa getdi?
Son illərdə Afrikada Fransa əleyhinə əhval-ruhiyyə sürətlə artmağa başlamışdı. Mali, Burkina-Faso, Niger kimi ölkələrdə hakimiyyət dəyişikliyi ilə paralel Fransa hərbi kontingenti ölkədən qovulmuşdu.
Bu proseslərin fonunda Seneqal da sakit dayanmadı. Mühafizəkar və müstəqil siyasət yürütmək istəyən yeni hökumət Parisin təsirindən uzaqlaşmaq üçün addımlar atmağa başladı. Fransa artıq əvvəlki kimi nə iqtisadi cəlbediciliyə, nə də hərbi üstünlüyə sahib deyil. Bu səbəbdən Fransanın özünün də siyasi qərarı ilə bazaların bağlanmasına razılıq verildi.
Bu hadisə yalnız Seneqalın yox, bütövlükdə Afrikanın Fransa ilə olan tarixi münasibətlərində dönüş nöqtəsidir. 1659-cu ildən başlayan bir dövr – 365 ildən çox davam etmiş təsir – rəsmi şəkildə başa çatır.
Fransa bu addımla Afrikadakı "xüsusi statusunu" daha bir ölkədə itirmiş oldu.
Bu boşluğun hansı qüvvə tərəfindən doldurulacağı hələ tam bəlli deyil. Çin, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri artıq regionda ciddi aktivlik göstərir.
Seneqal isə öz suverenliyini və xarici siyasət müstəqilliyini ön plana çıxararaq, postkolonial travmadan qurtulmağa çalışır.
Bununla da Seneqalın gerçək və tam müstəqilliyi yalnız indi - 2025-cü ildə tam şəkildə baş vermiş sayılır.
Bizim.Media