Suriya ilə İsrail arasında yenidən gərginlik yaşanır. İsrail Suriya ərazisini bombalayıb. Hətta hökumət binaları belə bu hücumlara məruz qalıb. Suriyanın keçid hökuməti qoşunları isə druzların yaşadığı cənub ərazilərə həmlələr edib. Keçid hökumətinin Prezidenti Əhməd Əş-Şaraa isə bildirib ki, Suriya hakimiyyəti ölkədəki druz azlığının xarici qüvvələrin alətinə çevrilməsinə imkan verməyəcək.
O, druz vətəndaşlarının və onların hüquqlarının müdafiəsini Suriyanın prioriteti adlandırıb.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın aradan qaldırılmasına çağırıb.
O, əlavə edib ki, İsrail "ilanın başını əzməlidir".
Türkiyə Böyük Millət Məclisi İsrailin Suriyaya qarşı həyata keçirdiyi hücumları kəskin şəkildə qınayan və bu ölkə xalqına dəstəyini ifadə edən qətnamə qəbul edib.
ABŞ isə bir daha İsrailə müraciət edərək Suriyaya zərbələri dayandırmağı xahiş edib. Bu barədə Axios nəşrinin müxbiri Ravid öz X hesabında yüksək vəzifəli amerikalı rəsmiyə istinadən məlumat verib.
Yaranmış vəziyyət görəsən İsraillə Suriya arasında birbaşa toqquşmaya gətirib çıxara bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirir ki, birbaşa toqquşmanın baş vermə risqi istisna deyil:
“Təəssüf ki, belə bir reallıq mövcuddur. Hazırda Suriynın yeni hakimiyyəti ciddi təzyiqlərə məruz qalır. Son toqquşmalar çərçivəsində hətta dövlət binalarının vurulduğunun belə şahidi oluruq”.
Ekspert qeyd edir ki, Suriyanın yeni hakimiyyəti üzərində Türkiyənin patronajlığı var
“O zaman sual yaranır ki, nəticə etibarı ilə sözügedən durum yaranarsa, Türkiyə hansı addımı atmalıdır?
Türkiyə prosesə qarışmalıdır, yoxsa kənarda dayanıb gözləməlidir?
Qarışsa İsraillə toqquşmaya gedəcək. Müdaxilə etməsə isə bölgədə nüfuzunu itirmək təhlükəsilə üzbəüzdür. Ona görə də mütləq şəkildə bir yol tapılmalıdır. Təəssüf ki, Türkiyə ciddi bir tələnin başlanğıc mərhələsindədir”.
Rüfət Sultan, Bizim.Media