NATO Moldovadan Rusiya ilə mümkün silahlı münaqişədə fəal şəkildə istifadə etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Agentliyin məlumatına görə, Brüsseldə Rusiya qoşunlarının Ukraynada irəliləməsi nəzərə alınmaqla Moldovanın şərq cinahda NATO-nun “irəli dayağına” çevrilməsini sürətləndirmək barədə qərar qəbul edilib.
Yəni Rusiya kəşfiyyat xidmətinin məlumatına görə, NATO Moldovanı Rusiya ilə mümkün silahlı münaqişədə fəal şəkildə istifadə etməyə hazırlaşır. Məlumatda həmçinin qeyd edilir ki, Moldova ordusu NATO ölkələrinin hərbi təlimatçıları ilə doludur və bu ölkədə alyansın ixtisaslaşmış tədris və təlim mərkəzləri fəaliyyət göstərir.
Bu açıqlama Rusiyanın Ukraynanın ardınca Moldovaya da hücum etmək planı üzərində işlədiyini göstərmir ki?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirir ki, bu bəyanatın əsas məqsədi imkan tapan kimi Moldovaya hücum edib, onun ərazisini işğal etməyə hesablanıb:
“Rusiya müxtəlif bəhanələrlə sülh sazişini imzalamaqdan qaçır və daha çox Ukrayna ərazisini işğal etməyə cəhd göstərir. İlkin mərhələdə 3 vilayətin yerdə qalan hissəsini tutmaq istəyir. Söhbət təxminən 12-13 min kv.km ərazidən gedir”.
Ekspert qeyd edir ki, növbəti mərhələdə Rusiyanın əsas hədəfi Odessa, Nikolayev və Ukraynanın Qara dənizə çıxışını tamamilə qapatmaqdır:
“Bundan sonra növbə Moldovaya da çatacaq.
Ancaq artıq ssenari dəyişib. Tramp da anlayıb ki, Putini saxlamaq lazımdır. Onun qarşısı alınmasa növbəti ərazilərin işğalı qaçılmaz olacaq ki, bu zaman Moldova Ukraynadan sonra işğal olunacaq ilk ərazi olacaq.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin guya NATO-nun Moldovadan istifadə etməsi barədə verdiyi bəyanat da imkan yaranan kimi Moskvanın Moldovaya qarşı silahlı basqına keçməsinə xidmət edir”.
Qərb və ABŞ-ın bunun qarşısını almaq üçün əlindən gələni edəcək.
“Bunun da yolu Ukraynaya hərbi yardımların artırılmasından keçir. Avropa Kiyevə yardımı illik təkbaşına 50-60 milyard dollara çatdırmalıdır ki, Ukrayna Rusiyaya zəruri müqaviməti göstərə bilsin.
Məhz Avropanın davranışı prosesdə bundan sonra hansı hadisələrin baş verəcəyini müəyyənləşdirəcək. Ya Rusiya sülhə məcbur ediləcək. Ya da irəliləyərək, Ukraynanı tutub, Moldovanın işğalı planı üzərində də düşünəcək”.
Rüfət Sultan, Bizim.Media