Rusiya Konyak, Spirt və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqı və “Antikontrafakt” assosiasiyası Rusiya bazarındakı konyak məhsullarının keyfiyyəti ilə bağlı apardıqları son araşdırmanın nəticələrini açıqlayıblar.
Bizim.Media xəbər verir ki, “Kommersant” qəzetinin məlumatına görə, Ermənistan istehsalı olan konyak nümunələrinin 85%-i Rusiya Federasiyasında qüvvədə olan texniki tələblərə cavab vermir.
Ötən ilin avqustunda bu rəqəm 90% təşkil edirdi. 2025-ci ilin may ayında sərhəd nəzarətinin gücləndirilməsi nəticəsində bu göstərici 80%-ə qədər azalmışdı. Lakin son yoxlamaların nəticəsi göstərdi ki, keyfiyyətsiz məhsulların həcmi yenidən artaraq 85%-ə çatıb.
Təhlil üçün Ermənistanın səkkiz əsas istehsalçısından 71 konyak nümunəsi seçilib. Müəyyən olunub ki, məhsulların böyük hissəsi etiket məlumatları, tərkib, saxlama şəraiti və texniki normalarla bağlı ciddi uyğunsuzluqlara malikdir.
“Antikontrafakt” təşkilatından bildirilib ki, bir müddət öncə Ermənistan iqtisadiyyat nazirinin müavini bu məsələ ilə bağlı Moskvaya səfər etmiş, tərəflər arasında dialoq qurulmuşdu. Lakin diplomatik səylər bu vaxta qədər nəticə verməyib.
Ermənistan məhsullarına qarşı digər məhdudiyyətlər
Qeyd edək ki, son aylarda Rusiya Ermənistan mənşəli yalnız konyaka deyil, digər məhsullara da nəzarəti gücləndirib. Rusiyada artıq bəzi Ermənistan məhsullarının – o cümlədən ət və süd məhsullarının idxalına qadağalar qoyulub. Səbəb kimi fitosanitar və sanitar tələblərin pozulması göstərilib. Bununla yanaşı, gömrükdə sənədləşmə və keyfiyyətə nəzarət prosedurları da sərtləşdirilib.
Ekspertlərə görə, bu tendensiya Rusiya ilə Ermənistan arasında siyasi münasibətlərin gərginləşməsi fonunda iqtisadi alətlərdən təzyiq vasitəsi kimi istifadə olunmasının bir göstəricisidir.
Əlavə olaraq qeyd etmək yerinə düşər ki, Ermənistan hələ sovet dövründən bəri öz konyak məhsullarını geniş şəkildə reklam etsə də, bu sahədə təqdim etdiyi imic çox zaman reallığı əks etdirməyib. SSRİ zamanında erməni konyaklarının “brend” kimi tanıdılması əsasən mərkəzi hakimiyyətin siyasi dəstəyi və təbliğat mexanizmləri ilə bağlı idi. Bir çox hallarda isə keyfiyyət məsələsində şübhəli nümunələr belə süni şəkildə önə çıxarılıb.
Halbuki Qafqazda ən yüksək keyfiyyətli konyak məhsulları tarixən Azərbaycanda istehsal olunub. Xüsusilə Gəncə, Tovuz, Şəki və Ağstafa bölgələri bu sahədə zəngin ənənəyə və təbii potensiala malikdir. Azərbaycanın torpaq-iqlim şəraiti və yerli üzüm sortları yüksək keyfiyyətli konyakların əsasını təşkil edir. Təsadüfi deyil ki, hələ XIX əsrin sonlarında Azərbaycan istehsalı olan spirtli içkilər beynəlxalq sərgilərdə mükafatlara layiq görülmüşdü.
Bu gün də Azərbaycan şirkətləri Avropa standartlarına uyğun istehsal metodları ilə rəqabətədavamlı, təbii və keyfiyyətli konyaklar təqdim edir. Regionun əsl konyak mədəniyyətinin mərkəzi – siyasi yox, əsl məhsulun keyfiyyətinə görə – məhz Azərbaycandır.
Bizim.Media