Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampa Ruben Vardanyanın azadlığa buraxılmasına köməklik göstərməyi xahiş edən məktub göndərməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Mənbə qeyd edir ki, Ruben Vardanyanın vəkili Cared Censer son müsahibəsində bildirib ki, bir sıra nüfuzlu erməni şəxslər ABŞ prezidenti Donald Trampın kürəkəni ilə əlaqə saxlayıb və bu mövzuda danışıqlar aparıblar:
“Tramp isə, azsaylı liderlərdən biridir ki, bu problemi həll edə bilər və belə bir müraciət olarsa, müdaxilə etməyə hazır olduğunu bildirib. Bu təklif Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts vasitəsilə Baş nazir Nikol Paşinyana çatdırılıb. Təklifə əsasən, Trampın müdaxilə edə bilməsi üçün sadəcə bir vərəqlik rəsmi məktub kifayət edərdi. Lakin Paşinyan bu məktubu imzalamaqdan imtina edib.
Baş nazir bildirib ki, belə bir məktub Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane ola bilər”.
Xatırladaq ki, hazırda Bakıda Ermənistan vətəndaşı Ruben Vardanyana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə (işgəncə vermə, muzdlu döyüşlərdə iştirak, müharibə qanun və adətlərinin pozulması, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi) və digər ittihamlarla bağlı məhkəmə prosesi davam edir.
Bizim.Media