Rusiya Dövlət Dumasının deputatları ölkəyə daxil olarkən miqrantların məcburi şəkildə virus daşıyıcısı olmadıqları haqqında arayış təqdim etmələrinə dair təklif irəli sürüblər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Dövlət Dumasının Əmək, sosial siyasət və veteranlarla iş üzrə komitəsinin rəhbəri Yaroslav Nilov "Telegram" kanalında yazıb.
"Rusiyaya işləmək üçün gələn əcnəbilər özləri ilə öz problemlərini gətirməli deyil, bizim problemlərimizi həll etməlidirlər", - o qeyd edib.
Nilovun sözlərinə görə, müvafiq qanun layihəsi baxılmaq üçün Dövlət Dumasına təqdim edilib. Siyasətçi bildirib ki, miqrantlar sərhədi keçərkən etibarlı tibbi sığorta, HİV, B və C hepatitləri, sifilis və vərəm daşıyıcısı olmadıqları haqqında arayış təqdim etməli olacaqlar.
Onlar, həmçinin, orqanizmdə narkotik və psixotrop maddələrin olmadığını təsdiq edən test nəticələrini də təqdim etməlidirlər. Deputat vurğulayıb ki, bu sənədlər olmasa, onlar Rusiya sərhədini keçə bilməyəcəklər.
Bizim.Media