Saat 22:30 etibarilə alınan məlumata görə, Rusiyada azərbaycanlı diaspor təşkilatları ilə əlaqəli olan iş adamlarının həbsi davam edir. Bu dəfə Leningrad vilayətində daha dörd azərbaycanlı sahibkar korrupsiyada ittiham olunaraq həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb.
Əməliyyat FTX-nin xüsusi təyinatlı dəstələri tərəfindən həyata keçirilib və ilk olaraq 128-ci polis bölməsinin rəhbəri, polkovnik-leytenant Sergey Korotkov saxlanılıb.
Rusiya İstintaq Komitəsinin açıqlamasına görə, polis rəhbərləri azərbaycanlı iş adamlarından təxminən 3,7 milyon rubl məbləğində rüşvət alıblar. Rüşvətin qanunsuz sahibkarlıq fəaliyyətinə göz yummaları müqabilində verildiyi bildirilir. Bunun ardınca 87-ci bölmənin rəhbəri polkovnik Roman Kamerzanov və 97-ci bölmənin rəhbəri Aleksey Peremibeda da həbs olunub.
Saxlanılan azərbaycanlı sahibkarlar bunlardır:
Vüsal Orucov, İbadət İsmayılov, Asif Allahverdiyev və Ərəstun Talıbov.
İttihamlara görə, onlar qaçaqmalçılıq yolu ilə spirtli içki və tütün satışı, eləcə də qeyri-qanuni miqrantların işlədilməsi ilə məşğul olublar.
Həbs olunan şəxslər barəsində 9 sentyabra qədər həbs qətimkan tədbiri seçilib.
Asif Allahverdiyev məhkəmədə özünü günahsız hesab etdiyini və baş verənlərdən xəbərsiz olduğunu bildirib:
"Ümumiyyətlə, bura niyə gətirildiyimi anlamıram. Nə baş verdiyini də başa düşmürəm", – deyə o, ifadə verib.
Allahverdiyev yalnız Vüsal Orucovla tanış olduğunu, onunla biznes ortağı olduğunu deyib.
Mütəxəssislərin fikrincə, bu həbslər Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda, azərbaycanlı diaspor üzvlərinə qarşı sistemli təzyiqlər kimi dəyərləndirilə bilər. Bu cür ardıcıl həbslər etnik və siyasi motivli təqib əlamətləri də daşıya bilər.
Hadisə Azərbaycan ictimaiyyətində və diaspor təşkilatlarında narahatlıqla qarşılanıb. Təhlilçilər bildirirlər ki, bu gedişat Rusiya daxilində yaşayan milyonlarla azərbaycanlının hüquq və təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurur.
Bizim.Media