Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Nijni Novqorod beynəlxalq hava limanının polis rəisi, azərbaycanlı Namiq Musayevi saxlayıb. Məlumata görə, o, qeyri-qanuni miqrasiya sxemi təşkil etməkdə və xarici vətəndaşların, xüsusilə də MDB ölkələrindən olan miqrantların, o cümlədən azərbaycanlıların pul müqabilində ölkəyə daxil olmasına kömək etməkdə şübhəli bilinir.
Bizim.Media xəbər verir ki, bu barədə "Nijniy No1" Telegram kanalı yazıb.
İstintaqın ilkin nəticələrinə əsasən, polis polkovnik-leytenantı Musayev pullu sxem quraraq hava limanı vasitəsilə miqrantların sənədləri olmadan və ya saxta sənədlərlə ölkəyə daxil olmasına şərait yaradıb. Hadisə ilə bağlı 12-yə yaxın digər polis əməkdaşı da istintaqa cəlb olunub, bəzilərinin artıq saxlanıldığı bildirilir.
Rusiya KİV-lərində yayılan xəbərlərə görə, Namiq Musayevin Nijni Novqorodda fəaliyyət göstərən Azərbaycan diasporu ilə sıx əlaqələri olub və bu münasibətlərdən şəxsi maraqları üçün istifadə etdiyi ehtimal edilir.
Məlumata görə, Musayevin barəsində həbs-qətimkan tədbiri seçilib və onun fəaliyyəti ilə bağlı daha geniş araşdırmalar aparılır.
Qeyd edək ki, son aylarda Rusiya ərazisində azərbaycanlılara qarşı artan təzyiqlər və diskriminativ davranışlar müşahidə olunur. Xüsusilə Moskva, Yekaterinburq, Voronej, Nijni Novqorod, Sankt-Peterburq və digər iri şəhərlərdə azərbaycanlı miqrantlara qarşı hüquq-mühafizə orqanlarının həyata keçirdiyi “reydlər” çərçivəsində yüzlərlə insan saxlanılıb, çoxu isə heç bir əsas göstərilmədən deportasiya olunmaq təhlükəsi ilə üzləşib.
Bəzi hallarda azərbaycanlılara qarşı fiziki zorakılıq və ləyaqəti alçaldan münasibət hallarının olduğu bildirilir. Sosial şəbəkələrdə yayılan videolarda gənclərin yerdə yatırılması, təhqir olunması və onlara qarşı qəddar rəftarın görüntüləri cəmiyyətin narahatlığına səbəb olub.
Ekspertlər qeyd edirlər ki, bu cür hadisələr təkcə cinayət işi və ya inzibati pozuntu çərçivəsində deyil, həm də etnik və milli zəmində qərəzli münasibətin formalaşmasından xəbər verir.
Bizim.Media