Suriya prezidenti Əhməd əş-Şaraa Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
“Əziz dost, cənab İlham Əliyev!
Suriya Ərəb Respublikasının Prezidenti olaraq ölkənizə həyata keçirdiyim bu tarixi səfərin sonunda, şəxsən öz adımdan və Suriya xalqı adından Sizə dərin təşəkkür və minnətdarlığımı bildirmək istərdim. Bakıda aldığımız səmimi qarşılanma, səxavətli qonaqpərvərlik və qardaşlıq ruhu, xalqlarımız arasında mövcud olan emosional və tarixi bağların nə qədər güclü olduğunu bir daha nümayiş etdirdi.
Biz Azərbaycanda dövlət quruculuğuna sadiq, iradəli bir xalq və müdrik rəhbərliklə ölkəsini qoruyan və inkişaf etdirən bir liderlik nümunəsi gördük. Əminəm ki, bu səfər şanlı keçmişdə bizi birləşdirən tarixi bağların təcəssümü və eyni zamanda bizi gələcəkdə birgə işıqlı məqsədlərə aparacaq addım olacaq.
Sizin ölkənizin təhlükəsizliyinin və rifahının təmin olunması istiqamətində göstərdiyiniz səyləri yüksək qiymətləndirirəm və bu istiqamətdəki uğurlarınıza səmimi şəkildə heyranlığımı bildirirəm.
Bildirirəm ki, Suriya Ərəb Respublikası qardaşlıq ruhuna sadiq qalacaq, və bütün sahələrdə, xüsusilə də energetika sahəsində investisiya və əməkdaşlıq üzrə əlaqələri dərinləşdirməyə çalışacaq.
Azərbaycan və Suriya — hər ikisi də zəngin təbii resurslara malik, həmçinin dünya coğrafiyasında strateji əhəmiyyətə sahib ölkələrdir. Bu isə bizə enerji istehsalı və tədarükündə önəmli rol oynamaq, həmçinin beynəlxalq sabitliyin və diplomatik təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə vermək imkanı verir.
Bundan əlavə, ölkələrimiz arasında texnologiya və təcrübə mübadiləsi üçün geniş perspektivlər açılır və bu qarşılıqlı maraqların həyata keçirilməsi üçün real əsaslar yaradır.
Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. Qoy Azərbaycan həmişə güclü, firavan və suveren bir dövlət olaraq qalsın, xalqımızın dostluğu isə Qafqaz dağları qədər möhkəm və əbədi olsun”.
Bizim.Media