Şimali Koreya lideri Kim Çen In Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşü zamanı ölkəsinin Moskvaya Ukrayna müharibəsində qeydsiz-şərtsiz dəstək verməyə hazır olduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı Şimali Koreya dövlət mediasına istinadən xəbər yayıb.
Görüş Şimali Koreyanın şərq sahilində yerləşən Vonsan şəhərində baş tutub. Tərəflər ötən il imzalanmış və qarşılıqlı müdafiə paktını da əhatə edən tərəfdaşlıq sazişi çərçivəsində əməkdaşlığın davam etdiriləcəyini təsdiqləyiblər.
Şimali Koreyanın dövlət informasiya agentliyi bildirib: "Kim Çen In KXDR-in (Koreya Xalq Demokratik Respublikasının) Rusiya rəhbərliyi tərəfindən Ukrayna böhranının əsas səbəblərinin aradan qaldırılması üçün atdığı bütün addımları qeydsiz-şərtsiz dəstəkləməyə və təşviq etməyə hazır olduğunu təsdiqlədi."
Məqalədə qeyd olunur ki, Lavrovun bu səfəri Rusiya-Şimali Koreya münasibətləri üçün həlledici məqama təsadüf edir. Ukrayna kəşfiyyatının məlumatına görə, Pxenyan Moskvaya dəstək üçün əlavə olaraq 25.000–30.000 hərbçi göndərməyi planlaşdırır.
"Bu səfər yalnız müharibənin gedişatını deyil, həm də Asiyada təhlükəsizlik balansını dəyişə biləcək ittifaqı daha da gücləndirə bilər," – deyə CNN yazır.
Bundan əlavə, Rusiya Şimali Koreyadan əlavə silah tədarükü baxımından da asılı vəziyyətə düşüb. Məlumata görə, Şimali Koreya artilleriyası üçün təlim vəsaitləri artıq rus dilinə tərcümə edilib. Bu, Pxenyanın silahlarının geniş istifadə olunduğunu və Rusiya ilə artan hərbi inteqrasiyanı göstərir.
CNN-in əldə etdiyi peyk görüntülərində Şimali Koreya ilə Rusiya arasında mütəmadi uçuşlar və yük daşımaları müşahidə olunur ki, bu da iki ölkə arasında genişmiqyaslı hərbi logistik əməkdaşlığa işarədir.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun sözlərinə görə, Şimali Koreya hazırda Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi sursatların təxminən 40%-ni təmin edir. Onun sözlərinə görə, Pxenyan Rusiyaya ballistik raketlər və artilleriya sistemləri də daxil olmaqla müxtəlif növ silahlar göndərir.
Əlavə olaraq bildirilir ki, KXDR iyul və ya avqust aylarında Rusiyaya yeni – 30 min nəfərlik hərbi kontingent göndərməyi planlaşdırır.
Bizim.Media