Fransa prezidenti Emmanuel Makron Böyük Britaniya kralı III Çarlzın dəqiq və sərt protokolunu pozduğuna görə kəskin tənqid olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Daily Mail” yayıb.
Məlumata görə, Makron Vindsor qəsrində keçirilən rəsmi yoxlama mərasimi zamanı kral Çarlzın önündə yeriməklə protokol qaydalarını pozub. Bu isə sosial şəbəkələrdə geniş narazılığa səbəb olub.
GB News telekanalının canlı efirində çıxış edən kral müxbiri Kemeron Uoker bildirib: “Hazırda ekranlarınızda Fransa prezidentinin önündə, kralın isə arxada gəzdiyini görürsünüz”.
Bəzi tamaşaçılar Makronun bunu qəsdən etdiyini iddia edərək tənqid yağdırıblar. Onlardan biri belə yazıb: “O, bunu bilərəkdən edir. O, fransızdır, monarxiyaya inanmır və özünü beş dəqiqəlik Napaleon sayan tam bir narsistdir”.
Qeyd edək ki, daha əvvəl də Daily Mail yazmışdı ki, Makron Vindsor qəsrindəki rəsmi ziyafət zamanı başqasının həyat yoldaşı – Uels şahzadəsi Keyt Middltonla flirt edib. Bu da Britaniya ictimaiyyətində əlavə narazılıqlara səbəb olub.
Bizim.Media