Rusiyaya yüksək ixtisaslı kadr çatışmazlığını kompensasiya etmək üçün Hindistandan bir milyon əmək miqrantı cəlb oluna bilər.
Bizim.Media “EAN” nəşrinə istinadən xəbər verir ki, bunu Ural Ticarət və Sənaye Palatasının rəhbəri Andrey Besedin deyib.
Onun sözlərinə görə, söhbət əsasən Sverdlovsk vilayətindən gedir. Hazırda Hindistanla müəyyən razılaşmaya nail olunub. Bu razılaşmaya əsasən, Rusiyaya, o cümlədən Sverdlovsk vilayətinə, ümumilikdə bir milyon hindistanlı mütəxəssis gələcək.
“Hindistanlı həmkarlarımdan eşitdiyimə görə, ilin sonunadək Rusiyaya, o cümlədən Sverdlovsk vilayətinə 1 milyon hind mütəxəssis gələcək,” – deyə Besedin bildirib.
O əlavə edib ki, Yekaterinburqda Hindistanın yeni Baş Konsulluğu açılacaq və bu məsələlərlə məhz o qurum məşğul olacaq.
Miqrantlar harada işləyəcək?
Besedinin sözlərinə görə, hindistanlı mütəxəssislər əsasən istehsalat sahələrində çalışacaqlar. Çünki bu gün Rusiyada əsas problemlərdən biri – gənclərin zavod və istehsalatlara maraq göstərməməsidir. O həmçinin əlavə edib ki, gələcəkdə əmək miqrantları yalnız Hindistandan deyil, həm də Şimali Koreya və Şri-Lankadan da gələ bilər.
Bizim.Media