Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı son açıqlamasına cavab verib.
Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.
“Amerikalı (Trampı nəzərdə tutur – red.) yenə də sevimli siyasi yelləncəklərində yellənməyə başlayıb”, – deyə Medvedev bildirib.
O vurğulayıb ki, Tramp tez-tez müxtəlif emosional fikirlər səsləndirir: əvvəl Rusiya Prezidenti Vladimir Putinlə söhbətdən razı qaldığını deyir, sonra isə bu münasibətdən məyus olduğunu bildirir. Eyni ziddiyyətli açıqlamaları Ukrayna ilə bağlı da verir: əvvəl ABŞ-ın Kiyevə silah göndərməyəcəyini deyir, sonra isə göndərdiyini elan edir.
“Biz buna necə yanaşmalıyıq? Əvvəlki kimi. Bizim döyüşçülərimizin etdiyi kimi. Ali Baş Komandanımızın etdiyi kimi. Sadəcə Xüsusi Hərbi Əməliyyatın məqsədlərinə çatmaq üçün işimizi davam etdirməliyik”, – deyə Medvedev yekunlaşdırıb.
Xatırladaq ki, Tramp bundan əvvəl Rusiya-Ukrayna münaqişəsində Rusiyanın addımlarından məyus olduğunu açıq şəkildə bildirmişdi.
Bizim.Media