Türkiyənin Aselsan şirkəti infraqırmızı axtarıcı başlıqlı zenit raketlərinə qarşı nəzərdə tutulmuş YILDIRIM-100 adlı müdafiə sistemini uğurla sınaqdan keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Defense Express” nəşri yazıb.
Mənbə qeyd edir ki, sınaq zamanı sistem yerüstü stendə quraşdırılmış istilik hədəfi ilə test edilib.
Bu hədəfi vurmaq üçün adı açıqlanmayan daşına bilən zenit-raket kompleksi istifadə olunub.
Raket buraxıldıqdan dərhal sonra YILDIRIM-100 onun startını aşkarlayıb və istiqamətləndirilmiş infraqırmızı lazer şüası ilə raketin başlığını çaşdırıb. Nəticədə raket hədəfi itirərək təsadüfi istiqamətə yönəlib.
YILDIRIM-100 sisteminin DIRCM (Directed Infrared Counter Measure) sinfinə aid olduğu, yəni raketlərin infraqırmızı axtarıcı sistemlərini kor etmək üçün xüsusi istiqamətli lazer işığı istifadə etdiyi vurğulanır. Mütəxəssislər qeyd edirlər ki, SSRİ-nin vaxtilə "Lipa" adlı oxşar sistemi olsa da, bu sistem yalnız köhnə nəsil raketlərə qarşı təsirli idi və bütün istiqamətlərə təsadüfi infraqırmızı işıq saçırdı.
YILDIRIM-100 isə müasir raketlərə qarşı işləyə bilən daha mürəkkəb və hədəfə yönələn bir sistemdir.
Sistemin gələcəkdə həm vertolyotlara, həm də Türkiyənin hazırladığı 5-ci nəsil döyüş təyyarəsi KAAN-a quraşdırılması planlaşdırılır. KAAN təyyarəsi Türkiyənin köhnə nəsil qırıcılarını və ABŞ-dan əldə edə bilmədiyi F-35-ləri əvəz etmək üçün hazırlanır.
Maraqlıdır ki, ABŞ-ın F-35 təyyarələri belə sistemlərlə təchiz edilməyib. Lakin ABŞ-ın özünün AN/AAQ-24(V) adlı analoji sistemi mövcuddur və Northrop Grumman şirkətinin açıqlamasına əsasən, bu sistem artıq 1500-dən çox təyyarədə quraşdırılıb.
Qeyd edək ki, Türkiyə bu yaxınlarda Tayfun adlı uzaqmənzilli ballistik raketinin üçüncü sınaq buraxılışını da həyata keçirib. Qeyri-rəsmi məlumatlara görə, bu raketin uçuş məsafəsi 1000 kilometrə qədərdir.
Bizim.Media