Avropanın ən böyük limanı hesab edilən Rotterdam limanı Rusiya ilə mümkün müharibəyə hazırlıq çərçivəsində tədbirlər görməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Financial Times” qəzeti öz mənbələrinə istinadən yayıb.
Nəşrin məlumatına görə, liman hazırda bir sıra addımlar atır. Xüsusilə, hərbi yükləri daşıya biləcək gəmilər üçün yerlər ehtiyatda saxlanılır. Paralel olaraq, mümkün müharibə halında silahların hansı istiqamətlərə yönləndiriləcəyi planlaşdırılır.
Mövzuya Rotterdam Liman İdarəsinin baş direktoru Budeveyn Simons münasibət bildirib:
“Əgər böyük həcmdə hərbi yüklər göndərmək lazım gəlsə, biz Antverpen və ya digər limanlara da müraciət edərdik ki, gücümüzü paylaşaq. Artıq biz bir-birimizi rəqib yox, tərəfdaş kimi görürük”.
Qeyd olunur ki, bu tədbirlər Avropa İttifaqının silahlanma və müdafiə sahəsində ABŞ-dan asılılığını azaltmaq üçün həyata keçirdiyi planlara daxildir.
Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Rusiya nə Avropa ilə, nə də NATO ilə müharibə planlaşdırmır.
O, bu kimi ehtimalları “cəfəngiyyat” adlandıraraq, Qərb liderlərinin bu yolla öz əhalisini qorxutmağa çalışdıqlarını bildirib.
Putinin sözlərinə görə, bu cür məlumatlar Rusiya təhlükəsi ilə bağlı uydurulmuş təbliğatdır.
Bizim.Media